Tarixi çox qədim və zəngin olan, müqəddəslər, övliyalar məskəni sayılan bir yurda “yolçu-dilənçi” demək elə özünün dilənçi çörəyi ilə böyüdüyündən xəbər verir. Bakupost.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov jurnalist Aygün Muradxanlının “Mərəzə yolçusu” ifadəsini işlətməsinə cavab olaraq deyib. Xalq artisti bildirib ki, bu sözü işlədən bir şəxs ziyalı, jurnalist ola bilməz, çünki düşüncəsi şikəstdir: “Diri Baba, dərvişlər, xəlvətilər, sufilər və yüzlərlə övliyalar məskəni olan bir yurdu – Azərbaycanın ən qədim tarixi məkanlarından birini, Azərbaycan elminə, siyasətinə, mədəniyyətinə, ədəbiyyatına misilsiz töhfələr bəxş edən torpağı, orda yaşayan onminlərlə insanın izzəti-nəfsinə toxunaraq, “yolçu-dilənçi” kimi “yad” edirsə, həmin adamın ağılla bağlı ciddi problemi var. “Mərəzə” adı sonradan yaranıb, baxmayaraq ki, bu adın da tarixi bir neçə yüz ilə dayanır. Efirdən millətə ağıl verən, dərs keçən adam xalqının, vətəninin tarixini bilməli, sözlərinə diqqət etməlidir. Əgər bir insanın intellekti, savadı yoxdursa, tarixi bilmirsə, jurnalist adını ləkələməsin. Mən hələ onu demirəm ki, bu, ayrı-seçkilikdir və hüquqi məsuliyyət doğurur”.