Tramp üçün Cənubi Qafqaz prioritetlər baxımından periferik olacaq. O, bura fəal təsir göstərməyəcək. Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq.BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib. “O, Ukrayna ətrafındakı vəziyyətin həllinə kömək edə bilsə, onda Moskvanın Cənubi Qafqazda daha geniş fəaliyyət üçün böyük ölçüdə sərbəst əli olacaq. Bu o deməkdir ki, Azərbaycanın regionda mövqeyi güclənəcək, çünki Rusiya regionda Bakı ilə faktiki müttəfiqlik münasibətlərinə malikdir. Və bu və ya digər dərəcədə Rusiyanın Ermənistanla böhranlı münasibətləri davam edəcək. Məlumdur ki, Makron Cənubi Qafqazda aktiv siyasət yürütməyə çalışır. Lakin Trampın Fransa prezidentinə qarşı kifayət qədər tənqidi münasibəti var. Onların arasında ziddiyyətli münasibətlər Fransa prezidentinin Cənubi Qafqazda fəallığının azalmasına səbəb ola bilər”, - o bildirib. Markovun fikrincə, Paşinyan Qərbdə dəstək qazanmaq cəhdlərindən məyus ola və Bakı ilə sülh sazişi üzrə real danışıqlar masasına əyləşə bilər: “Paşinyan hələ də Qərbdən real dəstək gözləyir. Bundan əlavə, çox güman ki, Ermənistan KTMT-dən çıxmayacaq, bu, onun üçün sərfəli deyil. Qərb Ermənistanın KTMT-dən çıxmasından yana deyil, İrəvanın onun casusu olması və KTMT-ni daxildən məhv etməsindən yanadır. Bundan əlavə, unutmaq olmaz ki, Azərbaycan prezidenti ABŞ-ın daxili işlərinə qarışmadan yumşaq formada Amerika seçkisi öncəsi Tramp haqqında çox müsbət fikirlər səsləndirib. Bu isə o deməkdir ki, Tramp Azərbaycana müsbət münasibət bəsləyir. Eyni zamanda, Paşinyan daha çox demokratlarla ortaq dil tapır. İlham Əliyev - Nikol Paşinyan cütlüyündə isə Tramp Azərbaycan prezidentini seçməyə üstünlük verir və ona hörmətlə yanaşır. Beləliklə, Ermənistanın baş nazirinin Moskva, Vaşinqton və Brüssel arasında yellənməyə davam etməkdən başqa yolu qalmayacaq”.