EN

Diplomatik xidmət orqanlarına yeni vəzifələr verilir

Diplomatik xidmət orqanlarının yeni funksiyaları olacaq.

"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanlarının əsas funksiyaları sırasında aşağıdakılar daxil edilir:

- Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;

- Azərbaycan Respublikasının milli maraqları baxımından dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) və işgüzar dairələrin xarici dövlətlərin dövlət orqanları (qurumları), qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları) və işgüzar dairələri ilə, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların orqanları, bölmələri və nümayəndəlikləri (bundan sonra – beynəlxalq təşkilatların orqanları) ilə əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə kömək göstərmək;

- müəyyən edilmiş səlahiyyətlər daxilində beynəlxalq məhkəmə və arbitraj işlərində Azərbaycan Respublikasının milli maraqlarını müdafiə etmək;

- Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası və digər beynəlxalq əlaqələrinin qurulmasına və həyata keçirilməsinə kömək göstərmək;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmçinin normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, eləcə də beynəlxalq təşkilatların orqanlarının əməkdaşlarını arzuolunmaz şəxs elan etmək və bu barədə məlumatı aidiyyəti üzrə təqdim etmək;

- xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin qurulmasına, eləcə də onlar arasında əməkdaşlığın inkişafına, həmrəyliyin gücləndirilməsinə və milli mənafeyə xidmət edən tədbirlərin təşkilinə dəstək vermək;

- xarici dövlətlərdə silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda, müvafiq xarici dövlətdə fəaliyyət göstərən diplomatik nümayəndəlikdə və konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də orada olan digər Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək, həmçinin onların təxliyəsini təşkil etmək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev

Chosen
2
10
unikal.az

10Sources