EN

"Bu prosesin daha da dərinləşəcəyini söyləyə bilərik" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün Gürcüstanda təkcə müxalifət hansısa güclər tərəfindən dəstəklənmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

O bildirib ki, eyni zamanda müxalifətlə bərabər iqtidar da dəstəklənən tərəfdir: "Bilirsiniz ki, iqtidarı Moskva dəstəkləyir. Müxalifəti isə Amerika Birləşmiş Ştatları başda olmaqla digər Qərb dövlətləri dəstəkləyir. Bu halın özü heç də yaxşı deyil. Əslində Gürcü xalqı üçün, bütövlükdə isə regionumuz üçün yaxşı vədlər vermir.

Düşünürəm ki, bu gün o dövlətlərin maraqları heç də Gürcü xalqına firavanlıq, xoşbəxtlik gətirməkdən ibarət deyil. O dövlətlər yalnız öz maraqlarını təmin etmək üçün Gürcüstanda tərəfləri dəstəkləyirlər ki, sabah da hər hansı tərəf qalib gələcəyi təqdirdə öz diktələrini Gürcüstan üzərində edə bilsinlər. Bu da yaxşı hal deyil. Hər halda hesab edirəm ki, Gürcüstanda bu iki gücün qarşı-qarşıya gəlməsi tezliklə Gürcüstan iqtidarı ilə müxalifəti arasında dialoqun tapılmasına xidmət etməyəcək. Mənə görə hər iki tərəf, hər iki güc tərəfindən sıxışdırılacaq ki, sonuna qədər mübarizə aparsınlar. Bu isə dediyimiz kimi uğurlu variant deyil.

Ən azından region dövləti olaraq bizim üçün də təsirsiz ötüşməyəcək. Belə olduğu halda isə, şübhəsiz ki, bu prosesin daha da dalana dirənəcəyini, dərinləşəcəyini söyləyə bilərik".

Müəllif: Söylü Ağazadə
Chosen
15
sia.az

1Sources