"Bakı - nəcib insanların və heyranedici mədəniyyətin məkanıdır," - İqor Çapurin.
10 dekabr Azerbaijan Fashion Week-in 17-ci mövsümü çərçivəsində məşhur rusiyalı dizayner, Rusiya Federasiyasının Əməkdar Rəssamı İqor Çapurinin eksklüziv kolleksiya nümayişi keçirildi. Bu tədbir hər il Bakının mərkəzində moda sənayesinin aparıcı nümayəndələrini, dizaynerləri, jurnalistləri və moda həvəskarlarını bir araya gətirən Azerbaijan Fashion Week-in finalı oldu.
İqor Çapurin çıxışı zamanı Azərbaycanı zəngin mədəniyyət, milli irs və müasir tendensiyaları birləşdirən unikal ölkə kimi xarakterizə etdi.
"Bakı - nəcib insanların və zəngin mədəniyyətin məkanıdır. Azərbaycanda hər kəs özünü rahat hiss edir, çünki bu ölkə müxtəlif mədəniyyətlərin və ənənələrin ahəngdar birləşdiyi unikal bir yerdir," - deyə dizayner qeyd edib.
İqor Çapurinin Bakı tamaşaçılarına təqdim etdiyi kolleksiya onun yaradıcı üslubuna xas olan incə zərifliyin təcəssümünü əks etdirdi. Dizayner minimalistik siluetlərə, zərif xətlərə və yüksək keyfiyyətli materiallara - ipək və məxmərə xüsusi diqqət yetirmişdi. Onun əsərləri klassik dəbdəbə ilə müasir moda meyllərinin vəhdətini əks etdirdi.
Təqdim olunan kolleksiyanın rəng palitrası incə pastel çalarlardan tutmuş zəngin dərin tonlara qədər dəyişdi. Minimalizm elementləri mürəkkəb naxış və metal detallar kimi effektli vurğularla harmonik şəkildə uyğunlaşmışdı. Bu yanaşma ilə dizayner müasir, uğurlu, fərdiliyi və rahatlığı qiymətləndirən qadınlar və kişilər üçün geyim yaratdığını nümayiş etdirirdi.
"Moda sadəcə gözəl geyimlər deyil, həmçinin duyğular, ilham və obrazlar vasitəsilə çatdırılan hekayələrdir," - deyə İqor Çapurin öz çıxışında qeyd etdi.
Çapurin kolleksiyasının nümayişi Azerbaijan Fashion Week-in 17-ci mövsümünün təntənəli bağlanışının bir hissəsi oldu. Hər il olduğu kimi də bir həftə ərzində Azərbaycandan, Gürcüstandan, Rusiyadan, Qazaxıstandan, Cənubi Koreyadan və digər ölkələrdən dizaynerlər ənənələrin, müasir trendlərin və modada ekoloji yanaşmanın vacibliyini kolleksiyaları vasitəsi ilə göstərdilər.
Tədbirə xüsusi dəstək göstərən beynəlxalq Hello! jurnalı gözəlliyə, uğura və mükəmməlliyə üstünlük verən insanlar üçün ilham simvolu olaraq çıxış etdi. 80 illik tarixi ilə tanınan nəşr mədəniyyət, moda və məşhurların həyatını təqdim edərək oxucuların qəlbini fəth etməyə davam edir.
Beləliklə, Azerbaijan Fashion Week-in 17-ci mövsümü ənənələri, müasir texnologiyaları və beynəlxalq dialoqu bir araya gətirərək möhtəşəm notla başa çatdı. Növbəti mövsümün də bir o qədər təsirli olacağı, modanın və mədəniyyətin yeni sərhədlərini kəşf etməyə davam edəcəyi gözlənilir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az