EN

Ev sahibi olmaq kişilərin ömrünü uzadır - ARAŞDIRMA

Bakı, 14 dekabr, AZƏRTAC

Oksford Universitetinin Leverhulme Demoqrafik Elmlər və Sosiologiya Departamentində aparılan araşdırma, erkən yetkinlik dövründə ev sahibi olmağın kişilərin gözlənilən ömür uzunluğuna müsbət təsir etdiyini ortaya çıxarıb.

AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, tədqiqat, dr. Keysi Brinin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən 1920-1940-cı illərdə ABŞ-da aparılan siyahıyaalma məlumatları və ölüm qeydləri əsasında həyata keçirilib. Araşdırmada 24-35 yaş aralığında ev sahibi olan kişilərlə kirayədə yaşayanların gözlənilən ömür uzunluğu müqayisə edilib.

Nəticələr göstərir ki, 20-ci əsrin əvvəllərində doğulan amerikalı kişilər arasında erkən yetkinlik dövründə ev sahibi olanların gözlənilən ömrü, kirayədə yaşayanlarla müqayisədə 4-6 ay daha uzun olub. Etnik mənsubiyyət baxımından fərqlərə gəldikdə isə, ev sahibi olmaq qaradərili amerikalı kişilərin ömrünü orta hesabla 0,36 il, ağdərili amerikalı kişilərin ömrünü isə 0,42 il artırıb.

Keysi Brin nəticələri belə izah edir: “Mənim araşdırmam göstərdi ki, ev sahibi olmanın ömür uzunluğuna statistik əhəmiyyətli dərəcədə müsbət təsiri var. Bu təsirin əsas səbəbi evin pul dəyəri deyil, daha çox sosial və psixoloji amillərlə bağlıdır. Ev sahibi olmaq, aidiyyət hissini gücləndirir, psixoloji rifahı yüksəldir və daha yaxşı yaşayış şəraiti təmin edir”.

Araşdırma, həmçinin göstərib ki, erkən yaşda ev sahibi olmağın faydaları etnik mənsubiyyətə görə fərqlənir. K.Brin qeyd edib ki, qaradərili amerikalıların ev sahibi olmaq imkanlarını artıran sosial məsələlər, qara və ağdərili kişilər arasındakı ömür uzunluğu fərqini azaltmağa kömək edə bilər. Bu baxımdan, mənzil siyasətində bərabər imkanların təmin edilməsi daha böyük sosial fayda verə bilər.

Tədqiqat, həmçinin əmlakın dəyərinin ömür uzunluğuna təsirinin minimal olduğunu göstərib. Yəni, evin maddi dəyərindən daha çox, ev sahibi olmanın sosial mühitə aidiyyət, psixoloji faydalar və daha yaxşı yaşayış şəraiti ilə əlaqəli təsirləri önə çıxıb. Bu tədqiqat ev sahibi olmaqla gözlənilən ömür uzunluğu arasındakı əlaqəni ortaya qoyan ilk araşdırmalardan biridir. Nəticələr, kirayədə yaşayan şəxslərlə müqayisədə erkən yaşda ev sahibi olan kişilərin 65 yaşına qədər 6 ay daha çox yaşadığını göstərir. Brin bu tapıntının sosial siyasətlərin planlaşdırılmasında mühüm rol oynayacağını vurğulayıb.

Bu araşdırma, sosial mənzil siyasətinin bərabər imkanların təmin olunmasında və sosial ədalətin gücləndirilməsində necə təsirli ola biləcəyini göstərir.

Chosen
78
azertag.az

1Sources