EN

Rüstəm Minnixanov üç rayona traktor hədiyyə etdi

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov dekabrın 17-də Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub.

 

Apress.az xəbər verir ki, Azərbaycanın iqtisadiyyatı naziri Mikayıl Cabbarov, ƏAİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov və Tatarıstanın Rəisi Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən görüş zamanı Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, unikal qanunvericilik bazası, eləcə də müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş, istifadəyə hazır daxili və xarici torpaq sahələri haqqında ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, 2023-cü ildən fəaliyyət göstərən FEZ1 Standart sənaye zonasında ümumi ərazisi 30 hektar olan investor sahələri mövcuddur. Diqqətə çatdırılıb ki, Ələt Azad İqtisadi Zonasında ümumilkdə 27 investor qeydiyyatdan keçib. Bunlardan dörd investor sahəsində fəal tikinti işləri aparılır.

Qeydiyyatdan keçmiş daha üç investor isə 2025-ci ilin əvvəlindən tikinti işlərinə başlayacaq.

Bildirilib ki, investor sahələrinə tələbat nəzərə alınaraq 18 ay əvvəl ümumi sahəsi 138 hektar olan yeni ərazidə infrastruktur işlərinə başlanılıb. Bu işlərin 2025-ci ilin birinci yarısında tamamlanması planlaşdırılır.

Bununla yanaşı, ağır sənaye təyinatlı FEZ3 adlı ərazidə də infrastruktur quruculuğu işləri aparılır. Ümumi sahəsi 350 hektar olan ərazidə tikinti işləri fəal davam edir.

Eyni zamanda, ümumi sahəsi 4313 hektar olan 4-cü zonanın 748 hektarlıq hissəsində SW-AFEZCO şirkətinə məxsus hava limanının tikinti-quruculuq işləri sürətlə davam edir. Hava limanı xüsusilə innovativ texnologiyalar və farmaseptik məhsulların istehsalı üzrə müəssisələr üçün nəzərdə tutulub.

Görüşdən sonra Tatarıstan Rəisi Rüstəm Minnixanov tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına üç ədəd mikroavtobus hədiyyə edilib. Mikroavtobuslar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə təqdim olunub.

Chosen
15
16
apress.az

10Sources