RƏSMİLƏR AÇIQLAYIB
Konqo Demokratik Respublikasında səhiyyə rəsmiləri izahı olmayan onlarla ölümün səbəbini araşdırıb və nəhayət açıqlama verib. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən cümə axşamı bildirilib ki, laboratoriya testlərinə əsasən, bu ölümlərin səbəbi ağır malyariya forması ola bilər.
Bu xəstəlik həftələrlə sirr olaraq qalırdı. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, virus azı 37 nəfərin həyatına son qoyub, 592 nəfəri isə xəstəxanalıq edib. Yerli hakimiyyət orqanları əvvəlcə ölənlərin sayının 140-dan çox olduğunu bildirmişdi.
Test nəticələrini gözləyən Afrika səhiyyə rəsmiləri bu xəstəliyi “X Xəstəliyi” adlandırırdı.
Nəhayət dünən yayımlanan bəyanatda “tənəffüs xəstəliyi formasında ağır malyariya hadisəsi” açıqlaması verilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) testlərin davam etdiyini və diaqnozun hələ təsdiqlənmədiyini bildirib.
Təşkilat əlavə edib ki, vilayətdə qidalanma çatışmazlığı yüksək səviyyədədir, bu da insanları ciddi xəstəliklərə daha həssas edir.