EN

Japarov bacısı qızının bu davranışına görə üzr istədi - VİDEO + FOTOLAR

Qırğızıstan Prezidenti Sadır Japarovun bacısı qızı Lazzat Nurkojoyeva evlilik təklifi ilə bağlı ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus  helikopterdən istifadə edib. Belə ki, onun sevgilisi ilə Oruu-Say dərəsinə uçduğunu göstərən video səs-küyə səbəb olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısının yaxın qohumunun sevgilisi ilə birlikdə FHN-in təyyarəsindən bu formada istifadəsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri onu tənqid edərək bildiriblər ki, ölkə rəhbərlərinin qohumları və dostları başqalarına nümunə olmalıdırlar: “Fövqəladə Hallar Nazirliyi helikopteri bunun üçün alıbmı? Prezident deyib ki, israfçılığa son qoyulsun”.

Sadır Japarov məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Lazzat gələcək həyat yoldaşı ilə prezidentin israfçılığın qadağan edilməsi təşəbbüsünü dəstəkləməli idi.

“Düz deyirsiniz, ölkə rəhbərliyinin qohumları başqalarına nümunə olmalıdır. Mən dəfələrlə demişəm ki, israfçılığı dayandırmaq lazımdır. Ən azı gələcək kürəkən bu təşəbbüsü dəstəkləməli, həm məni, həm də özünü cəmiyyətin tənqid hədəfi etməzdən əvvəl düşünməli idi. Düşünürəm ki, o, gənc olduğu üçün bunu edib”, - Qırğızıstan Prezidenti “Kabar” agentliyinə şərhində deyib.

O əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi yeni helikopterlər alıb: “Biz helikopterlərin kommersiya məqsədləri üçün istismarına icazə vermişik. İstənilən şəxs vertolyot icarəyə götürə bilər və hər qəpik dövlət büdcəsinə daxil olur ki, biz gələcəkdə yeni helikopterlər ala bilək. Beləliklə, təyyarə parkı mütəmadi olaraq yenilənəcək”.

Prezident bacısı qızının hərəkətinə görə üzr də istəyib: “Əvvəllər başqalarını tənqid edirdim, amma indi özüm buna məruz qalıram. Bacım qızına görə xalqdan üzr istəyirəm, o hələ gəncdir, cəmiyyətdən də tənqid görür. Ümid edirəm ki, o, düzgün nəticə çıxaracaq”.

Chosen
132
11
anons.az

10Sources