“Naxçıvan qaziləri” İctimai Birliyinin Biznes Mərkəzində keçirdıyi toplantıda Vətənin qeyrətli övladlarının məşğulluq durumu müzakirə edilib.
Birliyin sədr müavini Əli Əlisoy qeyd edib ki, “Naxçıvanda müharibə veteranları ilə iş” layihəsinin məqsədi qazilərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların iş yerləri ilə təmin edilməsi, məşğulluğunun artırılmasıdır.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Fərid Bağırzadə söyləyib ki, muxtar diyarda da Vətən üçün canından keçən oğulların ailələrinin, sağlamlığını itirən hərbçilərin ehtiyacları diqqət mərkəzindədir. İlin əvvəlindən müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş 12 nəfər şəxsə avtomobil təqdim edilib. 28 qazi 100-ə yaxın texniki və köməkçi reabilitasiya vasitələri ilə təmin edilib. 4 nəfərə protez və ortez xidməti göstərilib, 29 nəfərə reabilitasiya vasitələri verilib. 24 nəfər qazinin Əlillərin Bərpa Mərkəzində və digər reabilitasiya mərkəzlərində müalicəsi təşkil edilib. 22 qazi və 3 şəhid ailəsi üzvü özünüməşğulluq proqramına cəlb olunub, 20 nəfər işlə təmin edilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, təhsil ocağının 75 peşə ixtisası üzrə qaziləri təlimlərə cəlb etmək imkanı var. Yaxın vaxtlarda açılacaq yeni təhsil mərkəzindən şəhid ailələri və qazilər də istifadə edəcəklər. Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Ələkbərli, gənclər və idman nazirinin müavini, Məcid Seyidov, iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev qazilərin problemlərinə həssas münasibətin nəticələrindən söz açıblar.
XQ