“Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.
İndex.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın iclasında qərar qəbul olunub.
Məlumata görə, Azərbaycan Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanı ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə olunmuşdur. Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-yə regional yerüstü televiziya yayımçısı (kanalın adı: “Naxçıvan TV”) lisenziyası və regional yerüstü radio yayımçısı (kanalın adı: “Naxçıvan Radiosu”) lisenziyası verilib. Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul olunub.