RU

Azərbaycanda sabiq deputat vəfat etdi

"Azərkəndtikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri, keçmiş millət vəkili, Əməkdar mühəndis, Prezident təqaüdçüsü Litvin Abbasov vəfat edib.Bu barədə mərhumun ailəsindən məlumat verilib.

Qeyd olunub ki, "Şöhrət” ordenli qocaman mühəndis bu gün dünyasını dəyişib.

Mərhumla vida mərasimi sabah Təzə Pir Məscid kompleksində olacaq.

Allah rəhmət eləsin.

Xatırladaq ki, Litvin İbiş oğlu Abasov 06 aprel 1937-ci ildə Qədim Azərbaycanın İrəvan şəhərində ziyalı ailəsində anadan olub. 1953-cü ildə Bakıya gəlib və Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) qəbul olub.

Azərbaycan Hökumətinin qərarı ilə 1956-cı ildə Litvin Abasovun təhsil aldığı fakültəni Politexnik İnstitutunun inşaat fakültəsinə keçiriblər (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti). O, 1959-cu ildə Azərbaycan Politexnik institutunun sənaye-mülki tikinti fakültəsini bitirərək inşaatçı-mühəndis ixtisasına yiyələnib.

Daha sonra o, 1982-ci ildə keçmiş SSRİ Nazirlər Sovetinin "Xalq Təsərrüfatı Akademiyası”nı Xalq Təsərrüfatının İdarəetməsi ixtisası üzrə bitirib.

L.Abasov əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestində fəhləlidən başlayıb. 1959-cu ildə həmin trestin 4 nömrəli Dəmir-Beton Məmulatları zavodunda poliqon rəisi, istehsalat-texniki şöbənin rəisi, Divar Blokları zavodunda baş mühəndis, nəhayət "Dəmir-Beton” trestinin 4 nömrəli "DəmirBeton” zavodlarının baş mühəndisi və direktoru vəzifələrində çalışıb.

L.Abasov 1970–1979-cu illərdə Sənaye Tikinti Nazirliyinin nəzdində 10 müəssisəni özündə birləşdirən "Dəmir-Beton” trestinin müdiri vəfəsində işləyib və bu illərdə ona göstərilən etimadı şərəflə doğruldub, özünü bacarıqlı rəhbər, texniki tərəqqinin tələblərinə cavab verən, istehsalın yenidən qurulmasına səy göstərən səriştəli, peşəkar mühəndis kimi göstərib.

L.Abasov 1979–1980-ci illərdə Sənaye Tikinti Nazirliyinin Mexanizasiya İdarəsinin rəisi, 1980–1986-cı illərdə Azərbaycan SSR Kəndtikinti nazirinin müavini vəzifəsində çalışıb.

O, 1980–1986-cı illərdə bu vəzifədə çalışdığı zaman kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, kənd təsərrüfatına xidmət edən sahələrlə əlaqədar yeni və genişləndirilməsi nəzərdə tutulan sənaye obyektlərinin, eləcə də mülki-yaşayış və digər xidmət obyektlərinin vaxtında tikilib istifadəyə verilməsi üçün bütün lazımi tədbirlər görüb. Eyni zamanda bu vəzifədə onun səmərəli idarəçilik üsulu, mühəndis peşəkarlığı, dövlətçiliyə bağlılığı bir daha özünü büruzə verib.

L.Abasov 1986–1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsi Əsaslı Tikinti üzrə baş idarə rəisinin birinci müavini, 1989–1993-cü illərdə "Azərkəndtikinti” İstehsalat Birliyinin rəisi, 1993–1999-cu illərdə "Azərkəndtikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışıb.

L.Abasov Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin 131 nömrəli Sərəncamı ilə 13 aprel 1999-cu ildə "Azərkəndtikinti” ASC-nin sədri təyin olunub.

O, 1990–1995-ci illərdə Milli Məclisin deputatı olub.

L.Abbasov Prezident İlham Əliyevin 3 aprel 2007-ci il tarixli sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif olunub. Azərbaycan dövlət başçısının 28 noyabr 2019-cu il tarixli sərəncamı ilə L.Abbasova Prezidentin fərdi təqaüdü təyin edilib.

L.Abbasovun atası İbiş Vəli oğlu Abasov isə 1898-ci ildə Qəmərli rayonunun Muğanlı kəndində kəndli ailəsində doğulub. Qəmərlidə fəhlə-gənclər məktəbində təhsil aldıqdan sonra, Qəmərlidə və Zəngibasarda komsomol və partiya orqanlarında çalışıb. 1930-cu illərdə Ermənistanın Vedi rayonunda ispolkomun sədr müavini, sonra Vedi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 1937-ci ildən isə yeni yaradılmış Qarabağlar rayonunun birinci katibi vəzifəsinə təyin olunub və birinci katib vəzifəsində 1942-ci ilə kimi çalışıb. Ermənistan KP MK-nın plenum üzvü, Ali Sovetin deputatı olub. (Medianews.az)

Избранный
61
13
azpolitika.info

7Источники