Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Mehriban xanım Əliyevanın ad günü münasibətilə “Sərkərdənin silahdaşı” kitab-albomunu nəşr edib.
Musavat.com AVCİYA prezidenti Elxan Süleymanova istinadən xəbər verir ki, nəfis şəkildə dərc edilmiş, sənədli məlumatlar və fotolarla zəngin olan kitab-albom 2016-cı ilin aprelindən başlanan xronika üzərində qurulub. Kitab-albomda Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi bir çox sahələr üzrə zəngin, dövlətçilik baxımından müstəsna əhəmiyyətli, ölkə daxili və beynəlxalq layihələrdən ibarət, əsas amalı torpaqlarımızın azad edilməsi, suverenliyimizin tam bərpası, dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsinə yönəlmiş fəaliyyətinin 2016-2024-cü illəri əhatə edən əsas istiqamətləri işıqlandırılır.
Bu nəşrdə milli və dövlətçilik məqsədləri yolunda Mehriban xanımın müzəffər Prezidentimiz İlham Əliyevin fədakar Silahdaşı olaraq haqq səsimizin dünyaya çatdırılması, yadelli işğalçıların xalqımıza vurduğu yaraların sağalması, milli mədəniyyətimizin, təhsilimizin inkişafı üçün göstərdiyi və bu gün də göstərməkdə davam etdiyi möhtəşəm fəaliyyətindən bəhs edilir.
Nəzərə çatdıraq ki, ideya müəllifi və naşiri Elxan Süleymanova məxsus bu kitabın ərsəyə gəlməsinə “Dünya Logistics Center” dəstək göstərib.
**
AVCİYA Prezidenti Elxan Süleymanov doğum günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Təbrik məktubu da ünvanlayıb. Təbrikdə “Hörmətli Mehriban xanım! Sizi ad gününüz münasibəti ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) kollektivi və öz adımdan təbrik edir, yüksək dövlətçilik və ictimai-siyasi fəaliyyətinizdə yeni uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayırıq” – deyə qeyd edilir.
E.Süleymanov daha sonra qeyd edib: “Bir kitab-albom çərçivəsində Sizin Azərbaycan dövləti və xalqı naminə uzun illərdir davam edən çoxşaxəli fəaliyyətinizi əks etdirmək mümkünsüzdür”.
Vurğulanır ki, albom nəşrdə sadəcə 2016-2024-cü illəri əhatə edən əsas fəaliyyət istiqamətləri təqdim edilir: “Böyük məmnuniyyət hissi ilə Sizi bir daha təbrik edir, ad gününüzə həsr etdiyimiz nəşrimizi – ”Sərkərdənin silahdaşı” kitab-albomunu Sizə təqdim etməkdən şərəf duyuruq”.
Musavat.com