ABŞ-ın “International Business Machines” (İBM) şirkəti Çində tədqiqat və inkişaf fəaliyyətini dayandırır və mindən çox əməkdaşını ixtisar edir.
İndex.az xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən “South China Morning Post” məlumat yayıb.
Bildirilib ki, xüsusilə, şirkət Çin İnkişaf Laboratoriyası və Çin Sistemləri Laboratoriyasını bağlayır. İxtisarlar Pekin, Şanxay və Dalyan şəhərləri də daxil olmaqla bir sıra şəhərlərdə işçilərə təsir edəcək.
“Jiemian” veb-saytının məlumatına görə, IBM-in çinli tədqiqat və inkişaf üzrə mütəxəssisləri həftəsonu şirkətin daxili şəbəkəsinə daxil ola bilməyiblər.
Qeyd edilib ki, işçilərin ixtisarı bazar ertəsi daxili iclasda elan edilib. Bu barədə isə işçilər Çinin sosial mediasında yazıblar.
“IBM öz əməliyyatlarını müştərilərin xeyrinə uyğunlaşdırır və bu dəyişikliklər onun bütün Çində müştərilərə dəstək vermək qabiliyyətinə təsir etməyəcək”, deyə məlumatda deyilir.