RU

Doğma Laçınımız qısa müddətdə dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir

Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb və 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir. Rayon şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğala qədər Laçında 72 min hektar yaylaq sahəsi və 34 min hektar zəngin meşə massivi mövcud olmuşdur.

18 may 1992-ci ildə işğal olunan Laçın rayonunda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb.  İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. 

27 sentyabr 2020-ci ildə başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr birgə Bəyanatına əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu qan tökülmədən azad edildi.

26 avqust Laçın Şəhər günü kimi qeyd olunur. Bu bayramı laçınlılar məhz doğma yurdlarında böyük coşğu ilə qeyd edirlər. Cari ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

 Ali Baş Komandan Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub və bu layihələr mərhələlərlə həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, doğma Laçınımız qısa müddətdə dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir.

Akşin Xəlilov,

YAP Masallı rayon təşkilatının fəal üzvü

Избранный
88
ikisahil.az

1Источники