RU

Həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır

Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb və 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir. Rayon şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğala qədər Laçında 72 min hektar yaylaq sahəsi və 34 min hektar zəngin meşə massivi mövcud olmuşdur.

18 may 1992-ci ildə işğal olunan Laçın rayonunda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
İşğal etdikləri digər ərazilərimizdə olduğu kimi Laçın rayonunda da rəsmi İrəvanın hərbi cinayətləri sərhəd tanımamışdır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarının talan edərək qazanc mənbəyinə çevrilmişdir. Məqsədyönlü məskunlaşma siyasəti aparan Ermənistan əsasən, Suriyadan olan erməni əsilli qaçqınları Laçın ərazisində yerləşdirməklə demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur.
27 sentyabr 2020-ci ildə başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı və imzalanmış Üçtərəfli Bəyanata əsasən 3 rayon Azərbaycana qaytarıldı ki, həmin rayonlardan biri də Laçın rayonu oldu. Hərbi əməliyyatlar zamanı Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Laçın rayonu 1 dekabr 2020-ci il tarixdə Azərbaycana təhvil verildi. Cari ilin 26 avqust tarixində isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Laçın azadlığa qovuşduqdan sonra Prezident İlham Əliyev 7 dəfə rayona səfər etmişdir.
Cari ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Laçında bütün lazımi şərait yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Избранный
46
1
sesqazeti.az

2Источники