RU

Bakı–Daşkənd müttəfiqliyi Türk dünyası üçün böyük perspektiv açır

Tarixi zəmin və gücün rifah naminə əməkdaşlıq trayektoriyası

Qətiyyətlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ötən həftə reallaşdırdığı dövlət səfəri hər iki ölkə xalqlarının həyatında tamamilə yeni bir səhifə açdı. Bu səhifəni şərtləndirən isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibət­ləri haqqında Müqavilə”dir. Dövlətimizin başçısının təbirincə desək, rəsmən müttəfiqlik münasibətlərdə tarixi məqamdır. 

Onu da əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan müttə­fiqliyi fonunda, bütövlükdə, Türk dünyasının önündə parlaq səhifə açılmaqdadır. Sözügedən sazişin türk dünyasının konsolidasiyası baxımından müstəsna əhəmiyyəti var. 2021-ci il iyunun 15-də “Azər­baycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bə­yannaməsi”ndən sonra, belə demək mümkünsə, müttəfiqlik estafetini Özbəkistanın götürməsi isə təbii qanunauyğunluqdur. Azərbaycan və Özbəkistan liderlərinin apardıqları siyasətdəki qarşılıq inam və etimad mühiti bunu söyləməyə əsas verir. İnam və etimad ciddi amildir. Digər tərəfdən, nəzərə alaq ki, Azərbay­can – Özbəkistan müttəfiqliyi üçün əvvəlki illərin, hətta, nisbətən uzaq keçmişin bazası da mövcud idi.

Əvvəla, hələ keçmiş SSRİ zamanında hər iki müttəfiq respublika arasında mədə­ni əlaqələr həmişə yüksək səviyyədə olub. Xalqlar etnik birlik, dil yaxınlığı amillərini əsas tutub, dostluq və qardaşlıq əlaqələrini inkişaf etdiriblər. Ancaq nəzərə almalıyıq ki, bəzən dövlətlər arasındakı münasibət­lərin müttəfiqlik səviyyəsinə çatmasına onilliklər tələb olunur. Bu məsafənin çox qısa bir zamanda qət edilməsi də yuxarıda vurğuladığımız amilin nəticəsidir. 

Tarix öz yerində, Azərbaycan Prezide­ninin iki il əvvəl Özbəkistana dövlət səfəri­nin reallaşmasından sonra bu gün yaşanan müsbət mənzərəni proqnozlaşdırmaq olar­dı. Həm də ona görə ki, sözügedən səfər və səfər çərçivəsində əldə olunmuş razılaş­malar qarşıdakı müddət üçün əməkdaşlığın dinamik olacağından xəbər verirdi. Dina­mikliyin isə strateji müttəfiqliyə gətirib çıxarması şərtdir. 

İkincisi, dost dar gündə tanınar, – deyib atalarımız. Özbəkistanın otuz illik işğal za­manı Ermənistanla diplomatik münasibət­ləri olmadı. Həmin müddətdə rəsmi Daş­kənd İrəvanda səfirlik açmadı, həmçinin Ermənistanın da Özbəkistanın paytaxtın­da ali diplomatik missiya açmasına icazə verilmədi. Bunun özü də qarşılıqlı etimad mühitinin müttəfiqlik perspektivi üçün başlıca mənəvi və siyasi göstəricidir. 

***

“Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqam­dır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlə­rimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güc­lü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addı­mıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”, – deyən Prezident İlhamƏliyev özbəkistanlı həmkarı Şavkat Mirzi­yoyevlə mətbuata bəyanatında onu da bil­dirmişdi ki, regionlarımızda müsbət pro­seslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan asılıdır: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və region­larımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq­dan asılıdır”. 

Hazırda qətiyyətlə deyə bilərik ki, Azərbaycanla Mərkəzi Asiya regionu va­hid geosiyasi, tarixi və mədəni məkan kimi çıxış edirlər. Bu mənada Prezident İlham Əliyevin regionda yerləşən ölkələrə mütə­madi səfərləri, həmçinin həmin ölkələrin təmsil olunduqları təşkilatların tədbirlərin­də fəxri qonaq qismində iştirakı diqqətdən yayınmır. Yəni ki, ölkəmizin region döv­lətləri ilə əlaqələrinin yüksək dinamikası mövcuddur. 

Nəzərə alaq ki, dövlətimizin başçısı son illərdə Şanxay Əməkdaşlıq Təşkila­tının Mərkəzi Asiya ölkələrində keçirilən sammitlərinə qatılıb. Ölkəmizin lideri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin (AQEM) 7-ci Zirvə toplantısında, Mərkəzi Asiya Döv­lət Başçılarının məşvərət görüşlərində və digər tədbirlərdə də iştirak edib. Onu da vurğulamaq lazımdır ki, BMT-nin Mərkə­zi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi də müstəsna məqamdır. Yəni, bütün bunlar və sadalamadığımız bir çox məqamlar var ki, Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionlarının vahid geosiyasi regiona çev­rildiyini göstərir. Prezident İlham Əliyevindili ilə desək, regionlarımızda müsbət pro­seslər məhz Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. 

Belə nəticəyə gəlirik ki, Bakı – Daş­kənd rəsmi müttəfiqliyi, ümumən, Mərkə­zi Asiya baxımından önəmlidir. Əlbəttə, bu önəmdən faydanı götürəcək daha böyük siyasi məhfum Türk dünyasıdır. O dünya ki, hazırda mühüm qlobal güc mərkəzi kimi çıxış edir. Gücə qarşı isə qısqanc ya­naşanlar həmişə olur. Deməli, ölkələrimiz arasındakı müttəfiqliyin təhdidlərə qarşı birgə müqavimət amili aktualdır. 

İnkişaf böyük hədəfdir. Müttəfiqliyi təhlükəsizlik təminatı kimi götürsək, onun inkişaf üçün zəmanət faktoru olması reallı­ğı üzərində dayanmalıyıq. Bu reallıq inki­şafda dayanıqlılıq trayektoriyasını müəy­yənləşdirir. İnkişaf dayanıqlı olmalıdır ki, yüksək nəticələr əldə olunsun və genişlən­sin. Elə bir nəticələr ki, xalqları firavan, parlaq gələcəyə çatdırsın.

Bəli, Türk dünyasının müttəfiqlik halqasının genişlənməsi dövrün və za­manın qlobal siyasi çağırışlarına layiqli cavabdır. Bu prizmadan yanaşsaq, Azər­baycan-Özbəkistan müttəfiqliyi fonunda, bütövlükdə, Türk dünyasının önündə par­laq səhifənin açıldığını təsadüfən vurğula­madıq. Əlavə edək ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasının mə­dəni, sosial inkişafı, rifahı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının ya­randığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatmasına zəmin və fürsət yara­dır, həmçinin, bütövlükdə, türkdilli ölkələ­rin qarşısında yeni perspektivlər açır. 

Ə.RÜSTƏMOV
XQ

Избранный
172
44
xalqqazeti.az

10Источники