RU

Almaniyada miqrant BÖHRANI – Ukraynalı qaçqınların axını ETİRAZ DOĞURUR

Almaniyanın bəzi federal əyalətlərinin baş nazirləri ukraynalı qaçqınlara müavinətlərin ödənilməsinə yenidən baxılmasının tərəfdarıdırlar. Bu barədə “Bild” qəzeti məlumat yayıb. Brandenburqun Baş naziri Ditmar Voydke bu dəstəyin zamanın ruhuna uyğun olub-olmadığına şübhə edib. Bildirib ki, digər qaçqınlar “Sığınacaq axtaranların müavinətləri haqqında” qanuna əsasən ayda təxminən 460 avro aldığı halda, ukraynalılar vətəndaş müavinəti (ayda 563 avro) alırlar.

D.Voydke ilə yanaşı, Saar torpaqlarının Baş naziri Anke Relinger də ukraynalı qaçqınlara müavinətlərin verilməsinə müsbət yanaşmır. Saksoniyanın rəhbəri Maykl Kreçmer isə ukraynalıların mülki müavinətləri almağa davam edib-etməməsi barədə düşünməyə çağırıb. O, Ukraynadan olan qaçqınların 30 faizdən azının Almaniyada işlədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, Almaniyada müəyyən edilmiş qaydaların səhv olduğunu göstərir.

Bütün bunları necə dəyərləndirmək olar? Almaniyanın timsalında artıq Avropa ukraynalı qaçqınları bəsləməkdən, qarşılamaqdan, qəbul etməkdən imtina edir? Qaçqına çevrilən ukraynalıların taleyinə bu yanaşma necə təsir edəcək? Avropa gələcəkdə onlar barədə hansı qərarlar qəbul edə bilər?

Mövzu ilə bağlı Medianews.az-a danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov bildirib ki, Almaniya Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə qədər ən çox ukraynalı qaçqın qəbul edən Avropa ölkəsidir.

Onun sözlərinə görə, 2022-ci ilin fevralından bu günə qədər davam edən müharibənin nəticəsi olaraq, milyonlarla ukraynalı ölkəni tərk etmək məcburiyyətində qalıb: “İki ildən artıqdır davam edən genişmiqyaslı müharibə böyük bir qaçqın böhranı və yüz minlərlə insanın ölümü ilə nəticələnib. Ukraynadan qaçqın düşən insanların böyük bir qismi Avropaya, xüsusən də Almaniyaya sığınıb. Almaniya hökumətinin ukraynalı qaçqınlarla bağlı müəyyən etdiyi sosial dəstək proqramları, sosial paket üç il müddətinə hesablanıb. Bu yardımlar 2025-ci ilin fevral ayına qədər nəzərdə tutulub. Həmin paketə Almaniyaya sığınmaq üçün yerlərin ayrılması, işləmək üçün iş yerlərinin açılması və iş verilməsi, o cümlədən də alman dili kurslarının təşkil olunması daxildir. Sosial müavinət, birbaşa maddi yardımdan başqa, digər resursları da Almaniya hökuməti Ukrayna qaçqınlarının üzünə açıb. Burada əsas məqsəd Ukraynadan olan qaçqınların Almaniya cəmiyyətinə tam inteqrasiyası üçün zəruri şəraitin yaradılmasıdır. İlk vaxtlar bu siyasət, dəstək proqramları Almaniyanın yerli əhalisi, rəsmi şəxsləri, müxtəlif siyasi partiyalar tərəfindən açıq-aşkar təqdir olunurdu. Amma yardım proqramalarının müddəti uzandıqca, bu, Almaniya cəmiyyətində müəyyən müzakirələrə yol açıb. Belə görünür ki, almanlar bu dəstək proqramlarının növbəti üç il üçün uzadılmasında maraqlı deyillər. Artıq ukraynalı qaçqınların axını Almaniyada etiraz doğurur”.

Miqrasiya məsələləri üzrə ekspert vurğulayıb ki, Almaniya hökumətinin verdiyi qərarlar ölkə əhalisinin əhval-ruhiyyəsini əks etdirir: “Almanlar üçün ilk əvvəl Almaniyanın milli maraqlarıdır. Son hadisələr fonunda hakimiyyətdə ultra-milliyyətçi qüvvələrin təmsil olunması, məhz Almaniyanın milli maraqlarına cavab verən məsələlərin ön plana çəkilməsi tələbinin zəruri edir. Bu nöqteyi-nəzərdən ehtimal oluna bilər ki, Almaniyada Ukraynadan olan qaçqınlarla bağlı müəyyən məhdudiyyətlər tətbiq ediləcək”.

QHT sədri A.Allahverənov xatırladıb ki, müharibənin ilk dövrlərində Ukraynadan Azərbaycana da gələnlər olub: “Onlar müəyyən bir müddət ərzində burada məskunlaşıblar. Hətta 2022-ci ildə onların sayının 10 mindən yuxarı olduğu bildirilib. Lakin sonradan onların sayında kəskin azalma hiss edildi. Həmin şəxslərin aralarında elələri var idi ki, ölkə ərazisində qalmaq məqsədi ilə qaçqın statusu almaq üçün müraciət edirdilər. Amma onlara bu tipli statusun verilməsi mümkün olmadı. Onlar qanunvericiliyin verdiyi müəyyən imkanlar daxilində Azərbaycan ərazisində 90 gün qala bilirdilər. Daha sonra əsaslar olduğu təqdirdə bu müddətin uzadılması məsələsi müsbət şəkildə öz həllini tapırdı”.

Nailə QASIMOVA

Избранный
113
50
medianews.az

10Источники