"2024-cü ilin altı ayı ərzində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarəetməyə görə 6 086 qayda pozuntusu aşkarlanıb və tədbir görülüb. Bura həm alkoqoldan istifadə, həm də narkotik vasitələrdən istifadə nəticəsində sərxoşluq daxildir".
Bu məlumatı seher.media-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
O qeyd edib ki, bu ilin altı ay ərzində sürücülük hüququnun məhdudlaşdırılmasına görə 4 822, avtoxuliqanlığa görə 219 fakt müəyyən olunub.
"Nəqliyyat vasitəsinə müvafiq icazə olmadan xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları quraşdırma, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və qurğulardan istifadə etməyə, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneə yaradan antiradar və digər texniki vasitələri quraşdırmaq kimi qayda pozuntusuna görə isə 160 fakt aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb", - deyə M.Ağayev bildirib.
Əzizə İsmayılova