“Bu ilin fevralında keçirilən növbədənkənar Prezident seçkilərindən sonra Milli Məclisə də növbədənkənar seçkilərin keçirilməsi olduqca müstəsna əhəmiyyətə malikdir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra regionda geosiyasi reallığı kökündən dəyişən ölkəmizin təkcə regiona deyil, həm də Yaxın və Orta Şərq regionuna təsir edən ciddi bir qüvvə olması danılmaz bir faktdır”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin sədri Mikayıl Həsənli deyib.
“Mürəkkəb geosiyasi proseslərin getdiyi bir dönəmdə həmçinin qlobal əhəmiyyətli tədbirlərin təhlükəsiz formada keçirilməsinə ev sahibliyi etdiyimiz ərəfədə yeni parlamentin formalaşdırılması olduqca vacibdir. Yaranmış yeni reallıqlara cavab verən parlamentin formalaşdırılması dövlətimizin xarici siyasətinin daha da güclənməsinə xidmət edən amillərdəndir. Xalq-dövlət və milli birliyimiz sayəsində hərb meydanında qazandığımız şanlı qələbə onu göstərdi ki, xalq olaraq tarixi missiyaların öhtəsindən layiqincə gələ bilirik. Əminliklə inanıram ki, Azərbaycan tarixi üçün önəmli olan - 1 sentyabr növbədənkənar parlament seçkiləri günü də milli birliyimiz qalib gələcək və demokratik prinsiplərə uyğun olaraq vətəndaşlar səsvermə hüququndan istifadə edib yeni dövrün çağırışlarına, prioritetlərinə cavab verən parlamentin formalaşmasında yaxından iştirak edəcəkdir”.
M.Həsənli deyib ki, 44 günlük Vətənm müharibəsində qazanılan qələbədən sonra Azərbaycan gəncinin nələrə qadir olmasını bütün dünya gördü.
“Məhz gənclərimizə olan etimad, inam qələbəmizi şərtləndirən səciyyəvi xüsusiyyətlərdən oldu. Azərbaycan gənci bütün dönəmlərdə ölkəmizin ictimai-siyasi proseslərində fəallığı ilə seçilir. İstər dünya arenasında, istərsə də yerli əhəmiyyətli tədbirlərdə, layihələrdə gənclərimizin əsas söz sahibi olur. Bütün bunların təməlində isə gənclər siyasətinin dövlətin əsas prioritet istiqaməti olması dayanır. Mən də bir gənc olaraq bütün gənclərimizi hər zaman olduğu kimi indi də ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən gündə seçki hüquqlarından istifadə etməyə, gələcəyimiz, tərəqqimiz naminə fəallıq göstərməyə çağırıram”, - deyə QHT sədri bildirib.