RU

"Kitabi-Dədə Qorqud"da oyun və onun təzahürü - Kamal Abdulla

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"da oyun və onun təzahürü" yazısının birinci hissəsini təqdim edir.

Hər hansı ciddi və qeyri-ciddi fəaliyyətin əsasında "oyun" elementi durur. Müdriklər, məsələn, görkəmli filosof Haydeqqer deyir ki, ümumiyyətlə, həyat insanın qara boşluqla (kainatla) oynadığı bir oyundur.

Görkəmli fizik Nils Bora görə isə, hamı bilməlidir ki, həyat oyununda biz eyni zamanda həm tamaşaçı, həm də iştirakçılarıq. Və belə bir durumu həyatda harmoniya axtaranlar unutmamalıdırlar. Bu barədə "Fizika və fəlsəfə" kitabında başqa bir görkəmli fizik V.Hayzenberq yazır.

Əlbəttə ki, geniş mənada götürəndə, "oyun" - həyatla insanın münasibəti kimi diqqəti cəlb edir. Və əgər masştab həyat çərçivəsindədirsə, o zaman onun hər elementində uyğun şəkildə belə münasibətin mövcudluğunu təsbit etmək mümkündür.

İnsan mədəniyyətinin oyun konsepsiyasını irəli sürən Y.Hayzinqanın belə bir əsəri var: "Homo Ludens. Mədəniyyətdə oyun elementini öyrənmək təcrübəsi". O bu əsərindəyazır: "Poeziya adına hər nə varsa, oyun vasitəsilə üzə çıxır: Allahlara sitayişin müqəddəs oyunu, elçiliyin bayram oyunu, qarşıdurmanın özünümədhlə, təhqirlə və özünüöymə ilə müşaiyət edilənamansız oyunu, itiağıllığın və hazırcavablığın oyunu bu məqamda nümunə ola bilər".

Qeyd etmək lazımdır ki, oyun elementinin əsas baza nöqtəsi "gizlətmək" ideyası ilə bağlıdır. Hər hansı oyunun "blef" adlanan məqamı bu ideyadan qaynaqlanır. Mətndə nəyisə gizlətmək mətn səviyyəsində "blef"dən başqa bir şey deyil. Nəyisə gizlətmək artıq oyun elementidir. Məsələn, Beyrəyin əsirliyi zamanı biz onun harada, kim tərəfindən əsir edildiyini bilmirik. Daha doğrusu, biz (oxucular, dinləyicilər) bunu bilirik, amma Oğuz cəmiyyətinə bu, bəlli deyil. Onun ölüm-dirim durumu bilinmir. Məhz bu məqamın üzərindən süjetin əsas istiqaməti davam etmək üçün güc yığır. Yalançı oğlu dövrəmə girir, bazirganlar son axtarışa çıxır, BeyrəyinBayburd qalasından qaçışı təşkil edilir, onun öz toyuna gəlib çıxması, burdakı hadisələr yaşanır və s. və i.a.

Beyrək Şredingerin pişiyi kimidir. Görkəmli fizik Şredinger bir qutuya pişik yerləşdirməyi və sonra qutuda partlayış təşkil etməyi təklif edir. Qutuya salınmış pişiyin ordakı partlayışdan sonra diri, ya da ki, sağ qalmasını heç kim yüz faiz əminliklə deyə bilməz. Sağ qalma və ya məhv olma şansı 50-nin 50-yədir.

Eləcə də, Beyrəyin ölüm xəbərinə babası Baybura bəy sonadək inanmayıb bazirganları son dəfə onun axtarışına göndərir. Bazirganlar qala-qala gəzib, nəhayət, Bayburd qalasında onların səsinə hay verən Beyrəyi tapır, onun sağ olduğuna əmin olurlar.

İngilis kralı Şir ürəkli Riçard da səlib savaşından sonra alman torpaqlarında əsir olarkən, harda saxlandığı bilinmir. Bunu hamıdan gizlədirlər. Anası onun axtarışına adamlar göndərir və bu adamlar alman torpaqlarında müxtəlif qəsrlərin qarşısına rapsodlar kimi mahnı oxuya-oxuya gəlirlər və bu qəsrlərin birində onların səsinə səs verən Riçardı tapırlar.

Bütün bunlar - həm Beyrəklə, həm də Şirürəkli Riçardla bağlı axtarış hadisələri, həqiqətən, bir oyun kimi diqqəti cəlb edir. "Gizlədilmə" məqamı bu oyunun əsas atributudur. Bu atribut mətnin obrazından (bədii süsləmədən) tutmuş, süjet xəttinə qədər strukturun daxili quruluşuna girib onu müəyyənləşdirə bilir.

Hayzinqa qeyd edir ki, hər hansı bir poetik dil obraz vasitəsilə oyun qurur. Obraz bir tapmacadır. Onu oyun elementi kimi qəbul etmək lazım gəlir. O, müəllif tərəfindən xüsusi olaraq hazırlanır. İnformasiyanı qəbul edən tərəf bu obrazın arxasında (gizlinində) gizlədilmiş tapmacanı tapmalıdır. Gizlinlərin axtarışı isə artıq oyundur. Belə oyun mətnin "bədənində" şişmiş xallar kimidir. Gizlinlər tapılınca isə oyun bitir, xallar itib gedir və mətn öz normal axarı ilə davam edir.

Xüsusilə, Mifdən Yazıya keçid ideologiyasını öz bədii təqdimatında modelləşdirən bir mətn üçün ("Kitabi-dədə Qorqud" nəzərdə tutulur) obrazların deşifrəsi xüsusi hazırlıq tələb edir. Deyimlərin tam olaraq metaforlaşmadığı bir dönəmin, dil xəstəliyinin baş alıb getdiyi bir dövrün formalaşdırdığı Dastan bu baxımdan çox əlamətdardır.

Dastan deyir: "Oğuzda dörd kişi niqabla gəzərdi. Biri Qanturalı, biri Qaraçəkur, biri onun oğlu Qırqqunuq, biri də Boz ayğırlı Beyrək". Deməli, dastanda niqab taxmaq ənənəsi var. Amma bu, hansı məqsədlə edilir?!

Niqab öz-özlüyündə nəyisə kimdənsə gizlətməyin real vasitəsidir. Elə bununla da niqab oyunun bir komponentinə çevrilir. Onun gizlətmə funksiyaları müxtəlifdir. O öz arxasındakını bədnəzərdən də gizlədə bilər, ətrafla təmasını (daha doğrusu, ətrafın onunla təmasını) əngəlləyə də bilər. Bunlardan əlavə, niqab bir oyun elementi kimi arxasındakının kim olduğunu tapmaq məcburiyyətində qalan üçün tapmaca rolunu oynaya bilər. Bu isə artıq birbaşa oyun elementidir.

Dastanda Dədə Qorqudla Dəli Qarcarın müəmmalı münasibətlərini oyun elementi kimi qəbul edə bilərik. Bu münasibətlərə biz oyun rakursundan baxsaq, Dəli Qarcarın hansı mətləbisə gizlətdiyini görəcəyik. Yadımıza düşəcək ki, onun atası Baybura bəy əvvəl Beyrəyə verdiyi qızını indi Bayburd bəyinə vermək istəyir. Bu məlumatı kafirin casusu Bayburd bəyinə "açıq tekst"lə elə belə də çatdırır: "Baybecan bəy əvvəl sənə verəcəyi qızını bozatlı Beyrəyə verir."

Bəlkə də elə buna görə (bütün bunlar Dastanda gizlədilmiş haldadır) Dəli Qarcar qız qardaşını istəməyə gələnləri döyür və söyür?! Eynən Dədə Qorqudun özünə də bu cür mənfi münasibət sərgiləyir?! Bu mənfi münasibət Dastan kontekstində anlaşılmazdır. Dəli Qarcarın bu hərəkəti onun gizli tərəflərini, gizlətmək istədiklərini nəzərə alsaq, əsl oyun elementidir, deyə bilərik.

Yaxud Salur Qazanın kafirlərə əsir olduğu zaman düşmən tərəfindən onu öyməsi və müqabilində azad edilməsi təklifinəQazanın münasibəti və bu məqamda dediyi sözlər də oyunun bir elementi kimi qəbul edilə bilər. Qazanı əsir etmiş kafirlər öz aralarında razılaşırlar ki, "Qazan bizi öysün, Oğuzu sındırsın. Şərt eyləsin, bizim elimizə yağılığa gəlməsin. Ondan sonra buraxaq, varsın, getsin". Qazan bu şərtləri eşidir və oyun qaydasına uyğun olaraq cavabında oyun qaydalarına uyğun olaraq kinayə və tənə ilə belə cavab verir: "vallah, billah, doğru yolu görür ikən əyri yoldan gəlmiyəyin". Kafirləri bu cavab qane edir. Oyun bitir.

Qazanın kafir əsirliyində özünü öyməsi də oyun elementidir. O özünü belə öyür: "Bin-bin ərdən yağı gördümsə, oyunum dedim. Yigirmi bin yağı gördümsə, yılamadım. Otuz bin ər yağı gördümsə, ota saydım. Qırq bin ər yağı gördümsə, qıya baxdım. Əlli bin ər gördümsə, əl vermədim. Altmış bin ər gördümsə, aytışmadım.Səksən bin ər gördümsə, səksənmədim. Toqsan bin yağı gördümsə, tonatmadım. Yüz bin ər gördümsə, yüzüm dönmədim..." və s. və i.a.

Bu mikromətn sadəcə üslubi səs uyuşmalarına görə diqqəti çəkməməlidir. Burada Qazanın özünü öyməsi, kafirə meydan oxuması dediklərinin arxasında ciddi bir qüvvənin durmasına, başqa sözlə desək, özünü gizlətmək istəyinə (olduğundan böyük görünməsinə) işarədir. Bu sözlərilə Qazan, əslində, kafirə hədə-qorxu gəlir. Kafir də bunu anlayır və oyuna son verir, Qazanı azad edir və onu xilas etməyə gələnlərin üstünə göndərir.

Banuçiçəyintoy məclisində isə Beyrəyə qarşı açıq-aşkar bir oyun qurulur. Məclisdə xanımlar ərə gedən qızın oynamasını, özünün isə saz çalmasını istəyən Beyrəkdən Banuçiçəyi gizlətmək istəyirlər. Onun qarşısına Qısırca Yengəni və Boğazca Fatmanı Banuçiçək adına oyuna daxil edirlər. Bu iki qadın situasiya daxilində Banuçiçəyin niqabları kimi özlərini göstərir. Amma Beyrək bu tapmacanı asanlıqla və çox tez çözür. O, bu qadınların Oğuziçindəki mərifətlərini bir-bir sadalayır. Banuçiçəyə isə onların ilk görüşlərindəki əhvalatları söyləyir. Beləliklə, oyun oyunluqdan çıxır.

Salur Qazan əsirlikdə ikən onu xilas etməyə gəlmiş Oğuz bəyləri ilə qarşılaşmalı olur. Bəylər (Beyrək, Dülək Uran, Alp Rüstəm) ayrı-ayrılıqda onunla döyüşməyə gəlirlər. "Tanınmazlıq" effekti işə düşür, onlar Qazanı tanımırlar. Mətn Qazanı bəylərdən gizlədir. Bəyləri isə Qazandan gizlətmir.Qazan onunla döyüşməyə gələn bəyləri bir-bir yenib hər birinə "get, bəyin gəlsin" deyir. Qazan onlarla bir oyun oynayır. Qazan bilirdi ki, onu xilas etməyə gələn qoşunun başında oğlu Uruz durur. O, oğlu Uruzun onunla üzbəüz gəlməsini istəyir. Uruzu isə mətn hələ ki gizlədir, onun Qazanla döyüşə girməyini istəmir. Nəhayət, bu qarşıdurma baş tutur və Qazan kim olduğunu oğluna açıqlayır. Oyun bitir.

Bu dediyimiz məqamlar Dastan mətninin strukturu ilə bağlı məqamlardır. Dastanda obraz səviyyəsində də gizlədilmiş, oxucu üçün müəmma kimi qalan deyimlər vardır. "Qarşı yatan Qara dağ" ifadəsini götürək və bu ifadəyə indi də oyun prinsipləri rakursundan baxaq.

İfadənin (obrazın) arxasında bir neçə qatlı müəmma durur. Ən dərin qatda dağın yatmasına və onun yuxudan durmasına inanırlar. Orta qatda dağın yatmasına inanmırlar. Ən üst qatda bunu metafora kimi qəbul edirlər. Bu ifadənin mürəkkəbləşmiş bazasında olan qavrayış bucaqları bir-birinə qarışmış kimidir, onların hər birinin sərhəddini dəqiq cızmaq çox çətindir. Oyun komponenti ondadır ki, bu mənalar hər biri ilkin müstəqim mənanı kifayət qədər gizlədə bilirlər. İnformasiyanı qəbul edən üçün əsl müəmma yarada bilirlər.

Oyun və onun elementləri Dastanın dərin strukturuna və üzdəki obrazlar qatına elə nüfuz etmişdir ki, əslində, biz onları mətni oxucudan gizlətmək vasitələri kimi qəbul edə bilərik. Onlar sanki orta əsr şevalyeləri kimi dəmir donlu zireh əlbisə geyinmişlər. Arxalarında, işlərində nə varsa, gizlətməyə çalışırlar. Bunun üçün müxtəlif oyunlar qurur, bu oyunların canına tapmaca ünsürləri qoyurlar. Oxucu bu tapmacaları həll etməli, cavablarını tapmalıdır, çünki məhz bundan sonra mətn öz bakirə ilkinliyində özünü ona göstəcəkdir. "Kitabi-dədə Qorqud" dastanının bu bakirə ilkinliyinə yetişmək, əslində, onun bir çox dil, üslub, kompozisiya özəlliklərini çözmək deməkdir.

Dastanda özünü göstərən oyun elementləri mətnin necə dərin bir həssaslıqla formalaşdırılmasının real təzahürüdür. Qəhrəmanların düşmənlə münasibəti, toy mərasimində çaşdırma məqamları, qəhrəmanların bir-birilə münasibəti, özlərini öymələri, üslubi obrazların yaranması, metaforlaşma prosesindəki keçid məqamları və başqa nyuanslar oyun elementləri kimi həm maraqlı, həm də Dastanın gizli qatlarının adekvat öyrənilməsi işində faydalıdır deyə düşünürük.

Biz bu münasibəti mətn və oyun çərçivəsində nəzərdən keçirmək istədik və bu münasibətlə "Kitabi-Dədə Qorqud" mətninin quruluşunda oyun elementlərini araşdırmağa çalışdıq. Ən azından digər mütəxəssislərin diqqətini bu rakursa cəlb etsək, məqsədimizə çatmış sayılarıq. Yunis Emrenin sözləri bir qədər dəyişdirilmiş şəkildə olsa da, yenə də təskinedici bir hiss yaşadır. O sözlər budur: "Biz öz sözümüzü dedik. Bizdən sonra deyənlərə salam olsun".

Ardı var...

Избранный
231
kulis.az

1Источники