Bu gün "Xalq qəzeti"nin 105 yaşı tamam olur. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bu münasibətlə nəşrə təbrik ünvanlayıb.
“İki sahil” xəbər verir ki, "Xalq qəzeti"nin 29 avqust 2024-cü il tarixli sayında "Canlı jurnalistika məktəbi" sərlövhəsi altında dərc edilmiş təbrik mətnində bildirilib:
“Xalq qəzeti” gələcək nəsillərə miras qalacaq mənəvi sərvətdir. Bunu söyləmək üçün çoxlu əsaslar var. Bu ümummilli nəşr keçmiş sovet hakimiyyəti illərində Azərbaycan ədəbi dilinin qorunmasına, milli mədəniyyətinizin təbliğinə yönələn fədakarlıqlar göstərmişdir.
Qəzet həmin illərdə öz səhifələrində istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədəki ciddi əhəmiyyət daşıyan məsələləri cəsarətlə işıqlandırmışdır. Bu dəst-xətt onu ötən əsrin 90-cı illərində də ön plana çıxarmışdır. Təsadüfi deyil ki, nəşr hələ SSRİ-nin rəsmən mövcud olduğu dövrdə uzun müddət daşıdığı “Kommunist” adından imtina etmiş, xalqın qəzetinə çevrilmiş, ümumən milli mədəni qüvvələri öz ətrafında birləşdirən mərkəz rolunu oynaması ilə diqqət çəkmişdi.
1919-cu ildən fasiləsiz olaraq fəaliyyət göstərən “Xalq qəzeti” əsl jurnalistika məktəbidir. Nəşr bu missiyası ilə peşəni cəmiyyətə üstün şəkildə təqdim etmiş, sözün gücünü göstərmişdir. Azərbaycanın neçə-neçə tanınmış dövlət və ictimai xadimi, ziyalısı, görkəmli siması ilk addımını məhz burada atmışdır.
Bu günün “Xalq qəzeti” Ulu öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sadiq monolit komanda, jurnalistikaya qəlbən bağlı olan peşəkar insanların Vətən uğrunda əzmlə çalışdıqları mərkəzdir. Nəşr vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunun dərinləşməsində aktiv mövqeyə malikdir. Sevindirici haldır ki, hazırda qəzet ənənələrə sadiqlik ruhunu əsas götürərək, müasir dövrün tələbləri ilə uyğunlaşma əzmini göstərir, yeniliklərə can atır və onları uğurla tətbiq edir.
Bütün bunlar bir daha göstərir ki, “Xalq qəzeti”nin 105 illiyi, bütövlükdə, ölkə miqyaslı hadisədir. Nəşrin əməksevər kollektivinin hər bir üzvünü bu əlamətdar hadisə münasibəti ilə təbrik edir, onlara bitib-tükənməyən yaradıcılıq şövqü, möhkəm cansağlığı arzulayıram. Xalqımız əmindir ki, “Xalq qəzeti” özünün ideya və prinsiplərinə sadiqlik kursu ilə 105 illik yolun təntənəsini yaradıcılıq enerjisinə çevirəcək, özünün şanlı tarixini qarşıdakı illərin daha böyük uğurları ilə zənginləşdirəcək".