Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsindən məhz hicablı olduğu üçün kənarlaşdırıldığını iddia edən namizədlər oldu. Elm və Təhsil Nazirliyinin rəsmiləri isə bu iddiaları təkzib etdilər.
Müəllimlərin geyimi ilə bağlı mövzu həmişə yeni tədris ili öncəsi gündəm olur. İctimai müzakirələrdə qadın müəllimlərin hicab, mini ətək, şalvar geyinmələrinə rəylər bildirilir. Müzakirələrdən belə məlum olur ki, bu geyim formalarıın əleyhdarları ilə yanaşı, tərəfdarları da az deyil.
Növbəti tədris ilinin astanasındayıq və məsələ yenidən aktuallaşıb.
Modern.az-ən əməkdaşı mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilovla həmsöhbət olub.
Müsahibimiz bildirib ki, MİQ-dən məhz hicablı olduğuna görə kənarlaşdırıldığını deyənlərin iddialarının nə dərəcədə doğru olduğunu bilmir.
“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) rəsmisinin bu məsələ ilə bağlı “heç vaxt ayrı-seçkilik halı olmur" açıqlaması ilə razılaşıram. Hər şeydən əvvəl ona görə ki, bu kimi əsassız və qərəzli iddialarla sosial şəbəkələrdə birinci dəfə deyil ki, rastlaşırıq. Amma belə bir hala yol verilsə, bunu qəbul etmir və həmin şəxslərə qarşı hörmətsizlik hesab edirəm. Çünki hər kəsin inancına anlayış göstərmək lazımdır”.
“Bu kimi mövzular illərdir daim gündəmə gətirilir, müzakirə olunur və heç də hamı tərəfindən birmənalı şəkildə qarşılanmır. Yəqin kimlərsə xatırlayar ki, hələ 2010-cu ildə təhsil müəssisələrində hicaba qadağa qoyulmuşdu. Həmin illərdə Təhsil Nazirliyi qarşısında dindarlar hicaba qadağa qoyulmasının aradan qaldırılması tələbi ilə razılaşdırılmamış etiraz aksiyası keçirdilər. Bu hadisədən sonra təhsil müəssisələrində hicabdan istifadə olunması məsələsinə nəzarət olunmadı” - deyə ekspert bildirib.
Bəzi məktəblərdə baş örtüyündən isifadəyə heç bir qadağa qoyulmadığı halda, hicaba icazə verilməyən təhsil ocaqlarının da olduğunu dilə gətirən Nadir İsrafilov deyib ki, qanunvericilikdə hicabla dərsə gəlməyə icazənin olub-olmaması barədə heç bir qeyd yoxdur.
“Elm və Təhsil Nazirliyi bildirir ki, təhsil müəssisələrində hicabdan istifadə olunması məktəblərin öz nizamnamələrinə əsasən müəyyənləşdirilir. "Təhsil haqqında" Qanuna, eyni zamanda, Nazirlər Kabinetinin o vaxtlar təsdiqlədiyi "Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi"ə əsasən, geyim forması məktəblərin ali orqanı, yəni Pedaqoji Şura tərəfindən müzakirə olunur və müəyyən edilir”.
Müsahibimiz onu da vurğulayıb ki, hicabı məktəb nizamnaməsinin öhdəliyinə buraxmaq düzgün deyil, əks halda müəllimlər arasında çaxnaşma yaşana bilər.
“Bu kimi məsələlər konkret rəsmi qaydalar əsasında müəyyən olunmalıdır. Mən bu məsələlərin məktəb nizamnaməsi öhdəliyinə buraxılmasının əleyhinəyəm. İstənilən halda istər şagird olsun, istərsə də müəllim, məktəbə və ya imtahana baş örtüyü ilə gəlmək olmaz. Başqa yerlərdə, mərasimlərdə hicabdan istifadə edə bilərlər, ancaq, sinifdə baş örtüyü ilə oturmaq yolverilməzdir. Necə ki biz rəsmi idarə və təşkilatlara gedərkən baş örtüyü ilə daxil olmaq etik normalarlar zidd sayılır, eləcə də bu hal təhsil müəssisələrinə də şamil olunmalıdır”.
“Bizdə illərdir vahid məktəbli forması üzərində işlər gedir. Bu yeniliyə 2020-ci ildə keçməli idik, amma iş elə gətirdi ki, pandemiya düşdü, növbəti ildə isə hazırlıq tam başa çatmadı və s. Beləliklə, hələ də bu proses tamamlanmayıb. Bir sıra ölkələrin dövlət məktəblərinin əksəriyyətində eyni forma mütləqdir, özəl məktəblərdə isə fərqlidir.
Digər bir məsələ, əgər bir çox peşə sahibləri üçün vahid forma tətbiq olunursa, müəllimlər niyə belə imkandan yararlanmasın? Artıq ölkəmizin bir neçə məktəbində müəllimlər vahid formadan istifadə edirlər. Vahid geyim hər kəsdə cəmiyyət, kollektivçilik, ümumi iş və ümumi məqsədlər naminə hisslərin formalaşmasına kömək edir, sosial bərabərsizliyin fərqini əhəmiyyətli dərəcədə azaldır. Forma nizamdır, intizamdır, yiyələndiyin peşənin əsas atributlarından biri, mənsubiyyətin ifadəsi, cəmiyyət qarşısında məsuliyyət və cavabdehlikdir” - deyə ekspert sonda vurğulayıb.
Arifə Kərimzadə