Kulis.az dəyərli elm xadimi Qorxmaz Quliyevin ədəbiyyat və cəmiyyətlə bağlı maraqlı fikirlərindən seçmələri təqdim edir.
Bizim təkcə bədənimiz yox, qəlbimiz də dost-düşmənin bilərəkdən yaxud bilməyərəkdən məruz qaldığı aramsız hücumlardan - sərt baxışdan, köntöy sözdən, qaba rəftardan, sevdiyin insanın etinasızlığından, "dost"un badalağından qoruyan dəri ilə örtülmüşdür. Lakin bu qoruyucu qat hamıda eyni cür olmur. Dilimizdə "gönüqalın" - heyvan dərisini insanın hissiyyatına şamil edən söz var.
Mən də analogiya ilə "gönüzərif" sözü uydururam. Dünyanın gəldi-gedəri "gönüqalınlar"ın vecinə deyil, "gönüzəriflər" tuş gəldikləri hər acı sözdən, naqolay hərəkətdən əzab çəkirlər, vaxtsız-vədəsiz infarkta tuş gəlirlər.
Bir də, az təsadüf olunan, yüz ildə bir dəfə dünyaya gələn "gönsüzlər" var: Nəsimi, C.Məmmədquluzadə, Cavid, Müşfiq məhz bu tipli şəxsiyyətlər idi. Əgər günlərin bir günü sübut olunsa ki, Nəsimi dərisi soyulanda ağrıdan qıvrılmaq əvəzinə gülürdü, mən buna təəccüblənmərəm: axı bu anda onun uzun illər əvvəl dərisi soyulmuş, aramsız təhqirlərə məruz qalmış, qəlbinin ağrıları cismani ağrılarla dəf olunurdu, iki ağrı arasında qəribə bir tarazlıq yaranırdı - iki bir-birini dəf edən, neytrallaşan ağrı. Dərdlərini Kefli İskəndərlə bölüşən Cəlil də elə bu sayaq ürək ağrılarını dəf etməyə çalışırdı.
***
Yaltaqlıq bu gün ən sərfəli, ən perspektivli valyutadır. Yaltaqlıq üçün banka gedib kredit kimi götürmürsən ki, sonra illər boyu ödəyəsən və altından çıxa bilməyəsən. İç aləminə nəzər salmaq kifayətdir ki, nə qədər "yaltaqlıq" adlı var-dövlətə malik olduğunu üzə çıxarasan. Üstəlik, bu gün dəbdən düşüb dəyərini itirmiş ata-babadan qalma kişilik, namus, vicdan kimi əl-ayağa dolaşan, yaşamağa mane olan şeyləri də valyutadəyişmə məntəqələrində yaltaqlığa çevirmək mümkündür.
Yaltaqlığın iki gözəl xüsusiyyətini də qeyd etmək lazımdır: birincisi, onu xərclədikcə həndəsi silsilə ilə artır və ikincisi, yuxarıların qabağında əyildikcə, aşağıdakıları tapdalamaq, məhv etmək şansın artır. Mən bir şeyi başa düşmürəm - niyə bizim manat mentalitetimizin bu gözəl xüsusiyyətini əxz etməyib? Niyə dollara, yevroya boyun əyib öz layiqli yerini tapmayıb?
***
Mən özümü heç də böyük uğur qazanmış adam hesab etmirəm. Mən müəlliməm, amma bu vaxta qədər tamamilə razı qaldığım dərsi deyə bilməmişəm. Hərdən bir xırda-para yazılar yazıram, amma heç bir yazımdan məmnunluq hissi duymuram. Hərdən bir kitabxanama baxıram, dəqiq şəkildə başa düşürəm ki, burada olan kitabları axıra kimi heç vaxt oxuyub başa çatdıra bilməyəcəyəm. Amma əsas məsələ uğur qazanmaqla yox, dünyanı dərk etməyə can atmaqla bağlıdır və başa düşmək lazımdır ki, Allahın bizə bəxş etdiyi bu intəhasız prosesdə mən yalnız kiçik bir halqayam. Amma elə bir halqayam ki, heç kim məni əvəz etmək iqtidarında deyil. Bununla bağlı qürur duyuram.
***
Munk ilə Kafka arasında qəribə bir oxşarlıq və fərq var: onlar həm bir-birinə çox bənzəyirlər, həm də bir-birindən kəskin şəkildə fərqlənirlər. Norveçli rəssamın "Qışqırıq" əsərində təkcə insan yox, onunla səs-səsə verən, parlaq, başqa kontekstdə göz oxşayan, lakin bəlkə də bir-birilə uyuşmadıqlarına görə, bir-birini məhv etməyə hazır olan, adamın gözlərini deşən rənglər də bar-bar bağırırlar, dözülməz mənəvi-cismani ağrıları ifadə edirlər: rəng səsə çevrilir. Hətta reproduksiyadan da Munkun İnsanının bağırtısını eşidirik.
Bu qışqırıq qulaqlarımızın pərdəsini deşib daxili aləmimizə nüfuz edir. Kafkanın dünyası isə bombozdur, onun rəngsiz qəhrəmanları bağırırlar, amma onların səsini nə özləri. nə də biz eşidirik. Mən dünya ədəbiyyatında hələ Zamza ("Çevrilmə") kimi səssiz-səmirsiz bağıran ikinci obraza rast gəlməmişəm. Zamza "boz" bağırır, ona görə onun səsi qulaqlarımızın yanından keçib birbaşa qəlbimizə nüfuz edir.
***
Keçən əsrin 20-ci illərində ipə-sapa yatmayan, ərköyün, şıltaq incəsənəti buxovlamaq üçün Stalinlə Qorki baş-başa verib sosrealizmi - bəşər tarixində "analoqu olmayan" repressiv "estetik" konsepsiyanı ixtira etdilər. Bu "əziz-xələfi" qanuniləşdirmək lazım idi. Ləyaqətli sələfi tapmaq üçün uzağa getmək lazım gəlmədi: XIX əsr bir-birinə bənzəməyən Stendal, Balzak, Dikkens, Tekkerey, Qoqol, Tolstoy, bizim C.Məmmədquluzadə və Sabir kimi möhtəşəm sənətkarlar yetişdirmişdi. Sosrealistləri bu yazıçıların varisi elan etməklə sanki işə xitam vermək olardı. Lakin bundan ötrü XIX əsr yazıçılarının bir tərəfdən statusunu qoruyub saxlamaq, digər tərəfdən sosrealistləri öncədən yüksəltmək üçün realistləri aşağılamaq tələb olunurdu; Çıxış yolunu sələflərə "tənqidi realizm" damğası vurmaqda gördülər.
Bu yığcam anlayış XIX əsr yazıçılarının bəşər nəslinin inkişaf perspektivlərini görə bilməməklərini, buna görə də əyər-əskikləri tənqid etməklə kifayətləndiklərini ifadə edirdi. Amma "tənqid" sözü bu sənətkarların çoxuna yapışmır. Məsələn, Tolstoyun "Hərb və sülh" romanında mənfi personaj yoxdur. Bəs onda Qoqolun, C. Məmmədquluzadənin başdan-başa tənqidə köklənmiş əsərləri necə olsun? Əks-sualla cavab verirəm: Əgər C.Məmmədquluzadənin təsəvvüründə zülmətə bürünmüş Danabaş kəndinin arxasında ruhən azad, cismən gözəl insanların ideal məkanı olmasaydı, o, bərəks zəlil insanları, Xudayar bəyin burnunu təsvir edə bilərdimi?
Əlbəttə, XIX əsrdə tənqidə meyl edən sənətkarlar var idi. Amma fikir verəndə məlum olur ki, onlar idealistlər, romantik realistlər idilər. Bəlkə "yuxarıda deyilənləri nəzərə alaraq" dünya estetik fikrinin çoxdan imtina etdiyi milli ədəbiyyatşünaslığımızda acı bağırsaq kimi uzandıqca uzanan "tənqidi realizm" anlayışından biz də imtina edək?!