RU

Şahramanyan yenə sarsaqladı

Bu “ongünlük” quldurbaşı təkcə qayıtmaqdan yox, təxribatçı iddialarını daha da şişirdərək yenidən Qarabağın işğalından dəm vurub

Ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan yenidən təxribatçı fikirlər səsləndirib. O, ermənilərin Qarabağa qaytarılması üçün danışıqlara hazır olduğunu bildirib. Yerablur hərbi panteonunda jurnalistlərlə söhbətində bildirib ki, vaxtaşırı əhalinin öz evlərinə hansı yolla qayıda biləcəyi ilə bağlı müzakirələr gedir, hətta Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyanın rəhbərlik etdiyi xüsusi komissiya da yaradılıb. Onun sözlərinə görə, artıq çoxlu təkliflər və variantlar var: “Arsax” xalqının öz vətəninə qayıtmaq və onu inkişaf etdirmək arzusu var, amma bizim beynəlxalq təminatlarımız olmalıdır, bizim geri dönüşümüz ləyaqətli və ədalətli olmalıdır və ən əsası, bu standartlar təmin olunarsa, o zaman biz danışıqlara hazırıq”. Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb-görüşmədiyi ilə bağlı suala Şahramanyan mənfi cavab verib və qeyd edib ki, heç bir görüş cəhdi olmayıb. Şahramanyan “Qayıdış bizim hüququmuzdur və bu, Ermənistanın dövlət maraqlarına zidd ola bilməz”, –deyə bildirib. Şahramanyan bəyan edib ki, Dağlıq Qarabağın ləğvi ilə bağlı sənədin hüquqi qüvvəsi yoxdur və bu barədə Ermənistan hökumətinə və baş nazirinə yazılı məlumat verib: “İmzalamağa məcbur olduğumuz sənəd əhalinin, silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin Dağlıq Qarabağdan Ermənistana təhlükəsiz çıxışını təmin etməyə imkan verdi”. Şahramanyan onu da qeyd edib ki, onun üçün Ermənistanın təhlükəsizliyi hər şeydən önəmlidir.

Göründüyü kimi, Samvel Şahramanyan “ongünlük” quldurbaşı (o, 2023-cü il sentyabrın 9-da Qarabağdakı separatçı rejimin baş qulduru “seçilmişdi”, sentyabrın 20-də terrorçu xunta ilə birlikdə cəhənnəmə vasil oldu) qeyd edilən açıqlama ilə 2023-cü il sentyabrın 28-də qondarma rejimin buraxılmasına dair imzaladığı “fərman”dan imtina etdiyini demək istəyir. Xatırladaq ki, həmin sənədə görə, 2024-cü il yanvarın 1-nə qədər bütün “qurum və təşkilatlar” ləğv edilir, qondarma qurumun mövcudluğu dayandırılır. Həmçinin “fərman”da Azərbaycan dövlətinin 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejimin mövcudluğunu dayandırmaq qərarına gəldiyi bildirilir. Oktyabr ayında isə erməni sakinlər azərbaycanlılarla birgəyaşayışdan imtina edərək könüllü şəkildə Ermənistana köçüb. 2024-cü il yanvarın 1-dək Şahramanyanın “fərman”ı ləğv edilmədiyinə görə, qondarma qurum fəaliyyətini tamamilə dayandırıb. Həmin sənəddə o da qeyd edilir ki, “Dağlıq Qarabağ”ın əhalisi, o cümlədən “respublika”dan kənarda yerləşənlər bu “fərman” qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar. Lakin ermənilər Qarabağa qayıtmaqdan imtina etdi. Hətta Ermənistan hökumətinin statistikasına əsasən, minimum 10 min nəfəri yaşamaq üçün üçüncü ölkələrə köçüb. Bu baxımdan, ermənilərin Qarabağa qayıtmaq hüququ məsələsini yenidən gündəmə gətirməsi daha çox siyasi təxribat məqsədi daşıyır. Çünki ermənlərin Azərbaycana inteqrasiya etmək istəmədiyini Şahramanyan özü etiraf etdiyi halda Qarabağa qayıtmaq hüququndan dəm vurur. Azərbaycan erməni sakinlərin Qarabağa qayıdaraq yaşamaq hüququqnu tanıyır və buna maneə yaratmır. Yalnız Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan, 1988-ci ilə qədər özü və ya ailə üzvü Qarabağda daimi qeydiyyatda olaraq yaşamış erməni sakinlər bu hüquqdan faydalana bilər. Ancaq həmin şəxslər Azərbaycana qarşı işğalçılıq müharibəsində, etnik təmizləmə və soyqırım aktlarının törədilməsində iştirak etrməyən ermənilər ola bilər. Şahramanyan kimi separatçıların isə Azərbaycana qarşı müharibə cinayətlərində iştirak etdiklərinə görə Qarabağa qayıtmaq hüququ yoxdur. O, ilk növbədə, etdiyi cinayətlərə görə Azərbaycan dövləti qarşısında hüquqi məsuliyyətə cəlb edilməlidir. İşğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenliyi bərpa edilib. Bu səbəbdən həmin ərazilərdə məskunlaşma prosesi yalnız Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilə bilər.

Məlumdur ki, ermənilərin Qarabağa qayıtması müqabilində rəsmi Bakı 1988-1989-cu illərdə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə dönməsi tələbini irəli sürür. Ermənistan tərəfi isə Qərbi azərbaycanlıların Zəngəzurda, Göyçədə və digər ərazilərdə yerləşməsində maraqlı deyil. Ona görə də Paşinyan hakimiyyəti ermənilərin Qarabağa qayıtması ilə bağlı razılaşmanın sülh sazişinin mətninə salınmasından imtina edib. Samvel Şahramanyanın ermənilərin qayıdışı məsələsini qaldırması əslində Paşinyana cavab məqsədi daşıyır. Şahramanyan “Ermənistan hakimiyyəti Qarabağdan imtina etdi” deməklə qondarma rejimin buraxılmasına görə məsuliyyəti Paşinyanın üzərinə atır. Separatçıların keçmiş rəhbərinin cinayətkar rejimin buraxılması barədə “fərman”ın etibarsız sənəd olduğunu iddia etməsi də bu niyyətə xidmət edir. Məqsəd isə erməniləri Paşinyana qarşı etirazlara təhrik etməkdir.

Bir məsələni də vurğulayaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan və komandasının üzvləri ləğv edilmiş separatçı rejimin yaradılmasının 33-cü ildönümü ilə bağlı heç bir mesaj verməyib. Bu barədə “Joqovurd” qəzeti yazır. Erməni nəşrinin fikrincə, Ermənistan hökuməti bu separatçı məsələsini tamamilə bağlayıb. “Ermənistanda dövlət səviyyəsində bu səhifə bağlanıb, buna görə də heç bir tədbir təşkil olunmadı və heç bir mesaj verilmədi”, - məqalədə deyilir. “Joqovurd” qeyd edir ki, ilk dəfədir Ermənistanda hökumət səviyyəsində bu qondarma günü yada salan olmayıb: “Dünən Ermənistanda nəinki dövlət səviyyəsində heç bir tədbir keçirilmədi, hətta hakimiyyət təmsilçilərindən heç biri həmin gün münasibəti ilə mesaj göndərməyi belə zəruri saymadı. Dünən Nikol Paşinyan və hakim partiyanın üzvləri yeni tədris ili münasibətilə bir-birinin ardınca gözəl mesajlar verdilər, amma Qarabağ haqda bir söz belə deyilmədi. Üstəlik, həmin gün Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla regional turneyə çıxmaq qərarına gəldi - əvvəl Sünik (Zəngəzur), sonra Tavuşda oldular”.

Qeyd edək ki, Nikol Paşinyanın ötən il “separatçıların müstəqillik günü” ilə əlaqədar irihəcmli mesajı Azərbaycan tərəfindən sərt təpki ilə qarşılanmışdı. Mesajdan bir neçə gün sonra – sentyabrın 19-da Azərbaycan Ordusunun separatçıların təxribatlarına cavab olaraq başladığı birgünlük antiterror tədbirləri qondarma qurumun ləğvi ilə başa çatmışdı.

Sevinc Azadi, “İki sahil”

Избранный
149
1
ikisahil.az

7Источники