RU

Bakıda 37 yaşlı kişi sevgilisini şantaj etdi — ŞOK TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1987-ci il təvəllüdlü Telman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Fərqanəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 15-də Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 

Telman həmin qəsəbəsə 6-cı Mədən, nömrəsiz ünvanda yerləşən evin qarşısında ona kobud cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Fərqanənin qollarından tutaraq silkələyib, boğazından sıxaraq şillə ilə boyun nahiyəsindən bir dəfə zərbə vurub.

Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Fərqanə ilə bir neçə il əvvəl tanış olub, qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb: 

“2023-cü ilin sentyabrında Fərqanə mənə məlumat vermədən evdən çıxdığı üçün münasibətlərimiz pozuldu. Fərqanə ilə əlaqə saxlamadım. Mən təxminən 6-7 ay sonra Fərqanənin başqa bir şəxslə münasibətinin olduğunu öyrənərək onu qısqandım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 15-də, saat 9 radələrində Fərqanəyə öz iradını bildirmək məqsədi ilə onun yaşadığı Balaxanı qəsəbəsindəki evinə gəlib: 

“Fərqanə yaşadığı evin qarşısında mənimlə qarşılaşdı. Ondan başqa şəxslə münasibət qurduğu üçün öz iradımı bildirdim. Lakin Fərqanə mənimlə yüksək səslə kobud şəkildə danışdığı üçün aramızda mübahisə yarandı. Fərqanənin sözlərindən əsəbləşərək onun qollarından tutaraq silkələdim. Daha sonra onun boğazından tutaraq boyun nahiyəsinə şillə vurdum, onu divara tərəf itələdim. Aramızda baş vermiş mübahisə bir neçə dəqiqə davam etdi. Ətrafda bizdən başqa heç kim olmayıb. Törətdiyim əməldən peşman olmuşam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fərqanənin sözlərinə görə, Telman ilə bir neçə il əvvəl tanış olub: 

“Telman ilə tanışlığımın məqsədi onunla evlənmək olub. Mən təxminən bir il sonra Telmanın ailəli olduğunu öyrəndim. Onun məni aldatdığı üçün ondan ayrılmaq istədim. Telmana evli olduğu üçün ondan ayrılmaq istədiyimi bildirdim. İlk öncə Telman arvadını boşayaraq məni alacağını bildirdi. Lakin mənim ayrılmaq fikrimin qəti olduğunu görən Telman şantaj yolu ilə ondan ayrılmamağımı tələb etdi. 

Mən məcbur qalaraq Telmanla münasibətimi davam etdirdim. Lakin sonradan Telmanın əvvəllər məhkumluq həyatı yaşadığını, ailə üzvləri ilə aralarında problemlərin olduğunu öyrəndiyim üçün ona yenidən ayrılmaq istədiyimi bildirdim. Bu səbəbdən Telman məni döydü. Mən aldığım xəsarətlər nəticəsində xəsatəxanaya yerləşdirildim. Xəstəxanada olarkən Telman bir daha mənə yaxınlaşmayacağını bildirərək polisə barəsində şikayət etməməyimi xahiş etdi”. 

Zərərçəkmiş qeyd edib ki, Telman verdiyi sözə əməl etməyərək yenidən onunla barışığa cəhd edib, onu bacısı ilə tanış edib: 

“Mən münasibətlərimiz alınmadığı üçün Telmanın ailə üzvlərinə məlumat verdim. Telmanın anası oğlu ilə bacara bilmədiyini bildirdi, onun hərəkətləri ilə bağlı polisə müraciət etməyimi tövsiyə etdi. Mən məcbur qalaraq Telmanın hərəkətləri ilə bağlı polisə şikayət etdim. Telmanın izahatı alınaraq sərbəst buraxıldı. Lakin, Telman bir neçə ay mənə yaxınlaşmadı. 

Dəqiq xatırlamadığım tarixdə Telmanın bacısı məni qonaq çağırdı. Bizim münasibətlərimiz normal olduğu üçün ona etiraz etmədim. Telmanın bacısıgildə olduğum zaman bacısı ondan danışmağa başladı. Mən bu mövzuda danışmaq istəmədiyimi, yaşıdığım evə getmək istədiyimi bildirdim. Mən evə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan tanışımı çağırdım. Telman bizi təqib etdiyi üçün həmin şəxsdən ona yaxınlaşacağı təqdirdə nişanlım olduğunu bildirməsini xahiş etdim. Telman bir neçə gün sonra avtomobilinin nömrəsindən taksi fəaliyyəti ilə məşğul olan tanışımı taparaq onun evinə getdi. Ona hədə-qorxu gəldi”. 

Fərqanənin ifadəsinə görə, mayın 15-də, saat 9 radələrində yaşadığı Balaxanı qəsəbəsi, 6-cı Mədən ərazisndə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında Telman ona yaxınlaşaraq qolundan tutub və onunla danışmaq üçün avtomobilə əyləşməsini tələb edib: 

“Mən etiraz edərək avtomobilə əyləşməyəcəyimi bildirdim. Bundan sonra Telman qollarımdan tutaraq silkələdi. Boğazımdan tutaraq sıxdı, qəsdən şillə ilə boyun nahiyəmdən bir dəfə zərbə vuraraq itələdi. Telman yenidən boğazımdan tutaraq məni boğmağa başladı. Telmanın yaxınlıqda dayanan dostu bizə yaxınlaşaraq müdaxilə etdi, Telmandan məni buraxmasını xahiş etdi. Telman məni biabır edəcəyi ilə hədələdiyi üçün məcbur qalaraq onun avtomobilinə əyləşdim. Avtomobil bir qədər hərəkət etdikdən sonra avtomobili həmin ərazidə yerləşən marketin yaxınlığında saxladı. Telman məni yenidən təhqir etdi, mənə bədən xəsarətləri yetirdi. 

Mən bir neçə dəfə avtomobilin qapısını açaraq qaçmağa cəhd etməyimə baxmayaraq Telman buna şərait yaratmadı. Mən avtomobildən endikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Daha sonra polis bölməsinə dəvət edilərək ərizə və izahatım alındı, ekspert müayinəsindən keçirildim”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Telman 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.


Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
837
demokrat.az

1Источники