RU

Azərbaycan – İtaliya: strateji əməkdaşlıqda yenə səhifə ŞƏRH

Prezident İlham Əliyev: "İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir"

Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə ölkəmiz arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğu dostluq münasibətlərini şərtləndirən amildir. Mükəmməl hüquqi bazaya malik ikitərəfli münasibətlər çoxşaxəlidir. Əlbəttə ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldib. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb. Belə ki, İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib. Bu diplomatik münasibətlər 30 ildən artıq tarixi əhatə edir. 1992-ci ilin may ayının 8-də qurulmuş diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yüksələn xətlə inkişaf etmişdir. 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir.

1997-ci ilin 25-28 sentyabr tarixlərində Ulu Öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Bu səfər nəticəsində bağlanan "İqtisadi əməkdaşlıq haqqında Birgə Bəyanat", "İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə" iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Qeyd olunan sazişlərdən başqa Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın "Eni-Acip" şirkəti arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd də imzalanıb. İkitərəfli əməkdaşlıq haqqında imzalanan sənədlər qarşılıqlı əməkdaşlığa söykənir.

YÜKSƏK SƏVİYYƏDƏ QURULAN DİALOQ

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri və imzalanan sənədlər qarşılıqlı əlaqələrin daha dərinləşməsində mühüm rol oynayır. 2005-ci ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Səfər çərçivəsində Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və iki ölkə arasında əməkdaşlığa dair aşağıdakı 8 sənəd imzalanmışdır. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər dövlətlərarası əlaqələri daha da genişləndirmişdir.

İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Azərbaycan Prezidentinin 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir.

"İTALİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİ TƏKCƏ İKİ ÖLKƏNİN MARAQLARINI TƏMİN ETMİR, BÖYÜK COĞRAFİYANIN MARAQLARINI TƏMİN EDİR"

Əlbəttə ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələri rəsmi səfərlər zamanı daha da möhkəmlənmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir".

Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ilə İtaliyaya 7 milyard kubmetrə yaxın qaz nəql edib, bununla da Azərbaycan İtaliyanın qaz bazarında üçüncü tərəfdaş olub.

Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.

Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. Vurğulamaq yerinə düşər ki, son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. İtaliya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin 95%-i Azərbaycanı payına düşür. 2021-ci ilin yekunları üzrə bu göstərici təxminən $10 milyard təşkil edib. O cümlədən, Cənubi Qafqaza ixrac edilən İtaliya məhsullarının 50%-i Azərbaycanın payına düşür.

GƏLƏCƏK ÜÇÜN MÜKƏMMƏL YOL XƏRİTƏSİ

2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində də bir sıra əhəmiyyətli sənədlər imzalanıb. "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin növbəti illər üçün mükəmməl yol xəritəsini ortaya qoydu. Sənəddə həm siyasi, həm iqtisadi, həm də humanitar aspektlər öz əksini tapıb. Bu Bəyannamədən irəli gələn işlər artıq sürətlə həyata keçirilməyə başlayıb.

Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Əlbəttə ki, Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Bu əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da müstəsna rolu var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələr bu ölkənin mədəni irsinin qorunması baxımından önəmlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən, mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirilib. Bəşəriyyət üçün önəmli dəyər olan Roma katakombaları Fondun dəstəyi ilə yenidən həyat qazanıb. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir.

İTALYAN ŞİRKƏTLƏRİNDƏN QARABAĞIN BƏRPASINA TÖHFƏ

Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsində də yaşanan çətin vaxtlarda İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirdi. Məhz dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir. İtalyan şirkətləri işğaldan azad olunan ərazilərimizin bərpasında da öz köməkliklərini əsirgəmirlər. Azərbaycanla İtaliya arasında mövcud siyasi münasibətlər və iqtisadi tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlığa yeni imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair çoxspektrli planların yaradılması, yenidənqurma layihələrinin işlənməsi labüddür: "Bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacımız var. Bunun səbəbi ermənilər tərəfindən hər şeyin dağıdılması, yerlə-yeksan edilməsidir. Buna dair kifayət qədər videomaterial var. Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasətin bariz nümunəsidir". İtaliya şirkətləri ilə bir çox sahələrdə - şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, turizm, kənd təsərrüfatı kimi sahələrdə nəzərdə tutulan layihələrin həyata keçirilməsi dövlətlərarası münasibətləri daha da genişləndirəcəkdir.

İtaliya və Azərbaycan arasında Qarabağın enerji infrastrukturunun qurulması çərçivəsində əməkdaşlıq haqqında müqavilənin imzalanması bu istiqamətdə atılan ilk addım oldu. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəgəzurda quruculuq işlərində fəal iştirak edir. İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, iqtisadi layihələrin həyata keçirilməsində fəallığı iki ölkə arasında münasibətlərdə yeni müstəviyə yüksəlir.

Zümrüd BAYRAMOVA

Избранный
105
7
sesqazeti.az

8Источники