Şimali Koreya iyul ayında baş verən sel fəlakətinin yaralarını sağaltmağa çalışarkən, Cənubi Koreya mətbuatından yeni bir iddia gəldi.
İndex.az xəbər verir ki, kəşfiyyat mənbələrinə əsaslanan məlumata görə, Şimali Koreya lideri Kim Çen In daşqının qarşısının alınmasında səhlənkarlıq göstərən 30-a yaxın dövlət məmurunun edam edilməsi barədə göstəriş verib.
Korrupsiyada və vəzifəsinə etinasızlıqda ittiham olunan yüksək vəzifəli məmurlara verilən ölüm hökmlərinin ötən ay icra edildiyi bildirilsə də, sözügedən məmurların kimliyi açıqlanmayıb.
Qeyd edək ki, iyulun 27-dən etibarən Şimali Koreya ölkənin Çin sərhədinə yaxın bölgələrində leysan yağışlarına təslim olub, daşqınlar bir çox bölgələrdə maddi ziyana səbəb olub.
Ordunun helikopter dəstəyi ilə həyata keçirdiyi əməliyyatla qapalı qalan təxminən 5 min insan xilas edilərkən, Şimali Koreya rəhbərliyi fəlakətdə can itkisinin olmadığını açıqlayıb. Buna baxmayaraq, 4 min 100 yaşayış evinin və 3 min hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı bildirilib.