İspaniyada gənclər sosial şəbəkələrdə tanış olmaqdan yorulublar. İndi bu ölkədə yeni tanışlıq tendensiyası populyarlıq qazanır: oğlanlar və qızlar öz yarını supermarketlərdə axtarırlar.
Bakupost.az "Rossiyskaya qazeta"ya istinadən xəbər verir ki, əvvəlcə bu, pərakəndə satış şəbəkəsi üçün bir reklam kampaniyası olub. Lakin bu ideya gənc ispanlar tərəfindən maraqla qarşılanıb. İndi bu cür tanışlıq üsulu bütün böyük mağazalar şəbəkəsində də işləyir.
Birincisi, flört üçün vaxt ciddi şəkildə məhduddur. Bunun üçün düz bir saat vaxt ayrılıb - 19.00-dan 20.00-dək. İkincisi, tanış olmaq istəyənlər alış-veriş arabası götürməli, içinə ananas qoymalı (yarpaqları aşağıya doğru) və yavaş-yavaş mağazada, xüsusən də şərab şöbəsinin yaxınlığında gəzməlidirlər. Əgər hər iki şərt yerinə yetirmisinizsə, sadəcə olaraq sizi bəyənən birini gözləmək lazımdır. Siqnal birmənalı olacaq: eynilə səbətinə ananası tərs qoyan biri arabasını sizin arabasına çırpacaq.
Tnıçlıqla bağlı sosial şəbəkələrdə əlavə məsləhətlər də tapa bilərsiniz. Belə ki, ciddi münasibət qurmaq istəyənlərə ərzaq arabasına bir paket mərci, toya hazır olanlara isə qovun əlavə etmələri məsləhət görülür. Əgər öhdəlik götürmədən qısa müddətli bir əlaqəyə ehtiyacınız varsa, səbətinizdə qablaşdırılmış salat olmalıdır.
Bu sxemin işlək olub-olmaması hələ tam aydın deyil. Lakin ispan mediası mağazalarda ajiotaj yaşandığını və ananasın tez bir zamanda piştaxtalardan yoxa çıxdığını bildirib. Qeyd olunur ki, marketlərdə vaxtaşırı arabaların toqquşma səsləri eşidilir. Bir çox insan təcrübələrini videoya çəkir və sosial şəbəkələrdə paylaşır.
İspaniyalı jurnalistlər qeyd edir ki, bəzi hallarda supermarket işçiləri ananasın bu cür orijinal istifadəsini bəyənmir və flört saatı başlamazdan əvvəl onları anbara aparırlar. Ancaq bu, gənclər üçün böyük problem yaratmayıb, onlar konservləşdirilmiş ananaslardan istifadə ediblər.
Zaur
BakuPost