RU

Əhalinin təkidi ilə yaradılan dəmir yolu muzeyi - FOTO

Özbəkistan muzeylərlə zəngindir. Türkdilli ölkələr arasında muzeylərin tipinə, sayına, zənginliyinə görə bu ölkə Türkiyədən sonra ikinci yerdə qərarlaşır. 

Avtosfer.az xəbər verir ki, Özbəkistanda texniki profilli muzeylərin çoxu paytaxt Daşkənddə cəmləşib. Bunlardan biri də Dəmiryolçuların Mədəniyyət Sarayında yerləşən Daşkənd Dəmir Yolu Texnikası Muzeyidir (Toshkent temir yoʻllar texnikasi muzeyi). 

1988-ci ildə Orta Asiya dəmir yollarının 100 illiyi münaibəti ilə Daşkənd sərnişin vağzalında regionda istismarda olmuş köhnə dəmir yolu texnikası nümayiş etdirildi. Bir həftəlik nümayişdən sonra ölkə ictimaiyyətindən dəmir yollarının rəhbərliyinə ekspozisiyanın yığışdırılmaması ilə bağlı minlərlə müraciət daxil oldu. 
Ölkə rəhbərliyi xahişlərə müsbət cavab verdi və texnikanın Dəmiryolçuların Mədəniyyət Sarayında yerləşdirilməsi qərara alındı. Bunun üçün böyük ərazi ayrılaraq park salındı, əlavə relslər quraşdırıldı. 4 avqust 1989-cu il Dəmiryolçular günündə muzey ictimaiyyətə açıldı.

Muzeydə açıq səma altında 13 parovoz, 17 teplovoz, 3 elektrovoz, 10 vaqon və çox sayda digər dəmir yolu texnikası nümayiş etdirilir. 
Burada SSRİ istehsalı olan ikimərtəbəli vaqonun dünyada yeganə olan nümunəsinə rast gəlmək mümkündür. 1914-cü ildə istehsal edilmiş O seriyalı parovozdan isə dünyada cəmi 3 ədəd qalıb ki, onun da biri Daşkənddə qorunur. Burada həmçinin lendliz yolu ilə SSRİ-yə verilmiş ABŞ texnikasına, Almaniyadan hərbi qənimət kimi götürülmüş lokomotivlərə də rast gəlmək olar. Ümumiyyətlə muzey nadir dəmir yolu texnikasına və avadanlıqları ilə zəngindir. Muzeyin eksponatlarından film çəkilişlərində dəfələrlə istifadə edilib. 

Azərbaycan da zəngin dəmir yolu ənənələrinə malik olduğuna görə, işğaldan azad edilmiş ərazilərdə belə bir geniş sahəli muzeyin təşkili turizmə töhfə verər. Doğrudur, Bakıda bu profilli muzey fəaliyyət göstərir. Lakin, ikinci muzeyin təşkili birincinin fəaliyyətinə mane olmayacaq. Zəngəzur yolunun üstündə belə bir muzeyin açılması həm də simvolik məna daşıyar.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Избранный
103
avtosfer.az

1Источники