Azərbaycan Texniki Universitetinin tələbəsi "Apple" şirkətinin hər il keçirdiyi "Swift Student Challenge" kodlaşdırma yarışının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.
Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb mükafatı qalibə veriblər.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq.
Komitənin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məhsul (qulaqcıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib.
"Sosial şəbəkələrdə Azərbaycan Respublikası vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük odənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsi olaraq ictimaiyyətin diqqətinə çatdırırıq ki, vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən "Apple" markalı qulaqcığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd edib və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb. Araşdırma nəticəsində məhsulun (qulaqcıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilib.
Daha sonra vətəndaşın müraciəti əsasında "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib və buraxılışı təmin edilib.
Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb", - deyə məlumatda qeyd olunub.
Əzizə İsmayılova
Mənbə: oxu.az