Bəzi insanların orqanizmi toz, tük, tüstü və s şeylərə qarşı allergik quruluşdadır. Belə məqamlarda həssas olduqları üçün insanlar bir çox hallarda müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Uzun müddət belə hallardan əziyyət çəkən insanlarda ağciyər xəstələklərin yaranması heç də təsadüfi deyil. Ağciyər xəstəlikləri, ağciyər bronxlarını, damarlarını zədələyən olmaqla müxtəlif yerlərə ayrılırlar. Araşdırmalara görə onların törədiciləri də fərqlidir.
Pulmonoloq Əsəd Beydullayev "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, ağciyər hava yollarını ən çox zədələyən və günümüzün ən böyük bəlasına çevrilən siqaret və digər tütün məhsulları bu xəstəliklərin yaranmasına səbəb olur. Onun sözlərinə görə,
eyni zamanda havanın çirkli olması da ağciyər xəstəliklərini yaradan səbəblərdən biridir: "Bundan əlavə ağciyər xəstəliklərinin yaranmasında qrip və digər infeksion xəstəliklər də böyük yer tutur. İnfeksiyaların qarşısı vaxtında alınmasa xəstəlik ağırlaşa və ağciyərdə pnevmaniya yarada bilər".
Bəs belə xəstəliklərin tamamilə yox edilməsi mümkündürmü?
Həkim bildirir ki, istənilən orqan xəstəliklərinin ağırlıq dərəcəsini azaltmaq mümkün olsa da tam yox etməsi mümkünsüzdür: "Havanın təmizliyinin yüksək olması, tütün məhsullardan kənar qalması, başqa xəstəlikləri varsa onların vaxtı vaxtında müalicə olunması yolu ilə ağciyər xəstəliklərinin sayını azaltmaq olar".
Havar Şəfiyeva