RU

İran üçün Zəngəzur dəhlizi dilemması və ya “ağ-qara” münasibətlər - AKTUAL

İran-Azərbaycan münasibətlərinin son illərdəki paradiqması qeyri-sabitliyi ilə səciyyələnir. Mütəmadi olaraq meydana gələn müxtəlif narazılıqlar və gərginlik zaman-zaman nisbi sakitlik və normallaşmaya meyilliliklə əvəzlənir.Bir misal kimi Azərbaycanın Tehrandakı səfirliyi ətrafında cərəyan edən hadisələri göstərmək mümkündür. 2023-cü il yanvarın 27-də bir əməkdaşın ölümü ilə nəticələnən diplomatik nümayəndəliyimizə silahlı basqın və ardından səfirliyin bağlanması, uzun sürən danışıqlar və İslam Respublikasının rəsmi olaraq bir daha belə insidentlərə yol açmayacağına dair vədlərindən sonra isə, bu ilin 15 iyulunda Azərbaycan səfirliyinin artıq yeni ünvanda fəaliyyətə başlaması Bakı-Tehran münasibətlərinin nə dərəcədə mürəkkəb olmasının bariz nümunəsidir. Bu mürəkkəb mənzərənin ön planında yer alanlar arasında Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir.Hətta ən yaxın müttəfiq də rəqibə çevrilir2020-ci ilin noyabrında 44 günlük müharibədə Azərbaycanın tam qələbə çalması, Ermənistanın isə darmadağın olmasından sonra, Rusiyanın da iştirakı ilə imzalanan üçtərəfli sazişin bir bəndi də Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizin yaradılmasını nəzərdə tuturdu. Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçəcək yollara nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) həyata keçirməli idi.Amma razılaşmadan 4 il keçməsinə rəğmən, İrəvan inadla sənədin bu bəndini inkar edir və öz ərazisindən heç bir dəhliz təqdim etməyəcəyini bildirir. Bu prosesdə bədnam qonşularımıza dəstək verən əsas qüvvələrdən biri də İrandır. Müxtəlif səviyyələrdə və müxtəlif tərzlərdə İslam Respublikasından Zəngəzur dəhlizinin Tehran üçün qeyri-məqbulluğu haqqında tezislər səsləndirilib, hətta Bakının ünvanına təhdidlər və hədyanlar yağdırılıb.Bu istiqamətdə atılan son addım isə Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasındakı görüş olub. Görüşdə Moskvanın Zəngəzur dəhlizini dəstəklədiyinə görə rəsmi Tehranın narazılığı ifadə edilib.Məsələ burasındadır ki, bir müddət əvvəl Bakıya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putini müşayiət edən RF XİN başçısı Sergey Lavrov müsahibəsində bildirmişdi ki, Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir: “Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən (Zəngəzur) keçən kommunikasiyalara gəlincə, altında Baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”.İranın öz maraqları varƏlbəttə ki, çox məntiqli sual yaranır: axı nə üçün İran hər vəchlə Zəngəzur dəhlizini əngəlləmək istəyir, baxmayaraq ki, ən yaxın müttəfiqi (hər halda bu günə olan vəziyyətə görə) olan Rusiya tam əks mövqe tutur? Səbəblər müxtəlifdir, amma əvvəlcə ən əsas ikisinə nəzər salaq.Əvvəla, İran heç zaman regionda dominantlıq ideyalarından, yaxşıca kamuflyaj edilmiş panfarsizm düşüncəsindən geri çəkilməyib. Bu baxımdan da çox gözəl anlayır ki, şimal sərhədlərinin bir hissəsinin Rusiya FTX-sinin nəzarətinə keçməsi əski imperiya xülyalarına zərbə deməkdir. Bəli, bu gün Tehran və Moskva eyni cəbhədə dayanıb. Amma əbəs yerə demirlər ki, siyasətdə müttəfiq olmur, ümumi maraqlar olur ki, onlar da zaman-zaman transformasiyaya məruz qalır.Digər səbəb isə İranın bir qədər də təcrid olunması xofudur. Siyasi vəziyyətin dəyişəcəyi və ya Zəngəzur dəhlizinə nəzarətin tam olaraq Azərbaycanın ixtiyarına keçməsi, onsuz da iqtisadi problemlər və sanksiyalar girdabında boğulan İslam Respublikasının vəziyyətini hipotetik olaraq daha da pisləşdirə bilər.Azərbaycan tikan olub gözə girirƏlbəttə ki, başqa səbəblər də var. Məsələn, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, hər ötən gün siyasi və hərbi müstəvidə güclənməsi Tehranı qane edə bilməz. Nəzərə almaq lazımdır ki, İranda on milyonlarla etnik azərbaycanlı yaşayır və günlərin birində bu milyonlarda məntiqli sual yarana bilər: axı nə üçün Arazın o tayında şəhər və kəndlər abad olmalı, insanlar normal həyat sürməli, biz isə səfalət içində yaşamalıyıq?Azərbaycanın Naxçıvanla quru əlaqəsinin yaranması isə ölkəmizin qüdrətini bir qədər də artıracaq amillərdəndir. Paralel olaraq Bakının anklavı ilə əlaqəsinin diversifikasiya edilməsi İranın maliyyə itkilərini də labüd edəcək: axı hazırda Naxçıvanın bütün təminatı İran üzərindən həyata keçirilir və bundan qonşularımız kifayət qədər qazanc əldə edir. Zəngəzur dəhlizi işə düşəcəyi təqdirdə itkilər qaçılmaz olacaq.P.S. Bir sözlə, Zəngəzur dəhlizi İranın boğazında qalan sümük misalındadır: nə udmağa qadirdir, nə də bayıra tüpürməyə. Hadisələrin hansı məcrada cərəyan edəcəyini isə zaman göstərəcək.AYNA.az

Избранный
133
dia-az.info

1Источники