RU

Sosial ödənişlərdə yeni qaydalar

Məlum olduğu kimi Nazirlər Kabineti “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nı təsdiq edib. Yeni qaydalar nədir, hansı hallarda ödənişlər dayandırılacaq və sosial ödənişlərin məbləğinə necə təsir göstərəcək?

Yeni qaydalar sosial ödənişlərin elektron təyinatı sistemini daha da gücləndirir. Qaydaların 3-cü bəndi sosial ödənişlərin proaktiv təyinatı ilə bağlıdır. Qaydalara əsasən, “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 iş günü müddətində təyinat aparılır. Bu müddət övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin proaktiv təyinatı zamanı cəmi 5 iş günüdür. Bütün bunlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə və həmin uşaqlara mövsümi geyimin alınması üçün müavinət yalnız proaktiv təyin edilir.

Həmin müavinətlər yalnız elektron qaydada tətbiq olunur. Bu, sosial ödənişlərə əlçatanlığın gücləndirilməsinə və proseduraların ciddi şəkildə sadələşdirilməsinə xidmət edir. Sənəd, həmçinin sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı qaydalarını da müəyyən edir. Bu halda hər bir sosial müavinət üçün tələb olunan sənədlərin siyahısı ayrıca olaraq qeyd olunub.

Qaydalara əsasən, sosial ödənişlər plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Yəni, nağd şəkildə sosial ödənişin verilməsi qadağandır. Sənəd, eyni zamanda, sosial ödənişlərin dayandırılması qaydalarını da müəyyən edir. Təbii ki, əsas istiqamətlərin biri müddətli təqdim olunan təqaüd və kompensasiyaların ödəniş vaxtının bitməsidir. Digər tərəfdən, dövlət qulluğunda ömürlük müavinət alan şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi halı baş verərkən və yaxud təhsil müəssisələrində əyani təhsil alan şəxslər təhsil müəssisəsindən xaric edilərkən, həmçinin şəhidin, o cümlədən vəfat etmiş “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin həyat yoldaşı yeni nikaha daxil olarkən, eləcə də “Elektron məhkəmə” informasiya sistemində övladlığa götürmə ləğv olunarkən və digər hallarda ödənişlərin verilməsi dayandırılır.

Sosial ödənişlərin məbləğinə gəlincə, bu qaydalar ödənişlərin təyin olunması, verilməsi və dayandırılması şərtlərini dəqiqləşdirdiyindən məbləği müəyyənləşdirmir. Sosial ödənişlərin məbləğləri Prezident tərəfindən imzalanan sərəncamlar və ya birbaşa qanunla müəyyənləşir.

Şəhid ailələri üçün daha bir güzəşt təsdiq olundu

Azərbaycan Prezidenti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Belə ki, şəhid ailələri üçün daha bir güzəşt qüvvəyə minib. Son dəyişikliklərə əsasən, şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək.

Əvvəlki qaydalara görə, şəhidin həyat yoldaşı dünyasını dəyişdiyi halda şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Yeni dəyişikliklər imkan verəcək ki, şəhidin statusu olmayan ailə üzvləri də mənzil ilə təminat hüququndan istifadə etsinlər. Bu isə şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi və mənzil təminatlarının yaxşılaşdırılması baxımdan vacib sənəddir. Sözügedən qərar sosial təminat aspektindən əhəmiyyətli addımdır.

Ölkəmizdə 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi indiyədək mənzillə təmin olunub. Gözlənilir ki, bu kateqoriyadan olan bütün vətəndaşlarımız 2025-ci ilin sonunadək mənzillə təmin olunacaq.

Cavid Əkbərov, “İki sahil”

Избранный
91
ikisahil.az

1Источники