Ölkələrimizin qarşılıqlı-faydalı əməkdaşlığı çoxyönlüyü ilə də seçilir
Avropanın aparıcı dövlətlərindən biri sayılan İtaliya ilə Azərbaycanın münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf etməkdədir. Bu ölkə ilə qarşılıqlı faydalı münasibətlər Azərbaycanın xarici siyasət kursunda xüsusi yerə malikdir. Təkcə enerji daşıyıcıları ilə təminatda deyil, digər sahələrdə də ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri tarixin sınaqlarından çıxmış ənənələri ilə seçilir. Bu münasibətlər, ilk növbədə, qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin dövlət və milli maraqlarına hörmət prinsiplərinə söykənir.
Son illər iki ölkənin dövlət və hökumət başçılarının intensiv xaraker daşıyan qarşılıqlı səfərləri münasibətlərin strateji inkişafına böyük təkan verir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizin etibarlı tərəfdaş kimi imici formalaşıb. Azərbaycan dünyanın aparıcı dövlətləri ilə səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Bu baxımdan bəzi dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, balanslaşdırılmış praqmatik xarici siyasət kursunu yüksək dəyərləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da genişləndirilməsinə ciddi əhəmiyyət verirlər.
Yaxın tarixə nəzər salanda görürük ki, 1997-ci ilin sentyabrında Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, həmin səfər zamanı Ulu öndər İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşlərində onların hamısı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Məhz Ulu öndərin Romaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalandı. Yəni, 27 il bundan əvvəl Azərbaycanla İtaliya arasında qarşılıqlı münasibətlər və əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf etməyə başlayıb və bugünkü yüksək səviyyəyə çatıb.
* * *
Tarixi təcrübə göstərir ki, ümumiyyətlə, ölkələrarası münasibətlərin səmimilik və etibarlılığında qarşılıqlı səfərlər xüsusi əhəmiyyətə malikdir. Bu mənada Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən əsas amillərdən biridir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Məhz həmin səfərlərdən sonra ölkələrarası qarşılıqlı münasibətlər daha intensiv və geniş xarakter almağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya–Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin geniş spektrli olmasının bariz nümunəsidir.
İtaliyanın dövlət və hökumət nümayəndələrinin, o cümlədən nazir və nazir müavinlərinin Azərbaycana mütəmadi səfərləri əməkdaşlığın məhz çoxvektorlu olmasından xəbər verir. Yəni ikitərəfli münasibətlər, sadəcə, iqtisadi-ticari paketlərlə məhdudlaşmır, mədəniyyət sahəsində də uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. Həmin sərəncama görə, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. İki ölkə arasında mədəni əlaqələrdən danışarkən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını xüsusi qeyd etmək lazımdır. Bu baxımdan, Vatikanda Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri yüksək qiymətləndirilir.
* * *
Yeri gəlmişkən, onu da qeyd edək ki, 2020-ci ildə İtaliyada “Azərbaycan mədəniyyət ili” elan edilməsi də ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisidir.
İki ölkə arasında səmimi dostluğa çevrilmiş etibarlı tərəfdaşlığın atributlarından biri də Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzinin fəaliyyət göstərməsidir. Həmçinin təhsil sahəsində əldə olunmuş ən böyük nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya–Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilməsini göstərmək mümkündür.
Bu faktı xüsusi qeyd etməyə dəyər ki, İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də isə Bakıda ADA Universitetinin kampusunda İtaliya–Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Bu universitetin ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcəyinə əminik.
Birmənalı olaraq deyə bilərik ki, qədim tarixə malik olan Azərbaycan–İtaliya mədəni əlaqələri müstəqillik illərində daha da inkişaf edib. Bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Əlbəttə, Azərbaycan–İtaliya mədəni əlaqələri sadaladığımız işlərlə yekunlaşmır. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır.
Azərbaycan–İtaliya münasibətləri hazırda özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açacağına əminik. Artıq strateji tərəfdaşlara çevrilmiş Azərbaycan ilə İtaliya arasındakı çoxsahəli qarşılıqlı münasibətlər bundan sonra da uğurla davam edəcək və hər iki xalqın və dövlətin tərəqqisinə yeni-yeni töhfələr verəcək.
XQ