"İqlim dəyişikliyinin təsirləri artdıqca, qanunvericiliyin rolu daha da artır. Hüquqi sistemlər yalnız emissiyaların azalmasını təmin etməklə kifayətlənməməli, həm də iqlim dəyişikliyindən ən çox zərər çəkən icmaların hüquqlarını qorumağa yönəlməlidir".
E-huquq.az xəbər verir ki, bunu COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Hüquq və İqlim" mövzusunda beynəlxalq konfransında deyib.
O bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi iqlim dəyişikliyinə qarşı beynəlxalq əməkdaşlığın əsasını təşkil edir: “Paris Sazişi dünya ölkələrinin birgə iradəsini göstərərək, qlobal temperatur artımını 1,5 dərəcə selsi ilə məhdudlaşdırmağı hədəfləyir. Bu hədəfə çatmaq üçün güclü hüquqi mexanizmlərin hazırlanması və tətbiqi vacibdir. Hüquq sistemlərimiz iqlim dəyişmələri üzrə qlobal sazişlərin icrasını təmin etməli, iqlim ədalətini həyata keçirməli və ən önəmlisi,iqlimə həssas olanların hüquqlarınıqorumalıdır. Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilməlidir".
M.Babayev qeyd edib ki, beynəlxalq hüquq iqlim dəyişikliyi ilə mübarizədə ən güclü vasitədir: "Artıq bir çox ölkə məhkəmələrdə iqlim dəyişikliyinin təsirləri ilə bağlı iddialara baxılır və qərarlar çıxarılır. Bu hüquqi presedentlər, qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizəni dəstəkləyən hüquqi mexanizmlərin gücləndirilməsinə təkan verir".
Şəbnəm Mehdizadə