RU

“Quran açdırmaqla” özlərinə biznes quranlar

İlahiyyatçıdan xəbərdarlıq: “Qurandakı bürcləri deyərkən, ulduz falından söz getmir”

Son zamanlar insanlar arasında bürc proqnozlarına inananların sayı çoxalıb. Hətta bəziləri gecə-gündüz bu proqnozlara baxaraq, növbəti günlər üçün planlarını qururlar. Eyni zamanda Quranla fala baxmaq da dəbə düşüb. Bu insanlar müqəddəs kitabla fala baxmağın günah əməl olmadığını hesab edirlər. Mütəxəssislər isə qeyd edirlər ki, bürclərə inanmaq, fala baxdırmaq insanların sosial rifahının aşağı olması ilə əlaqədardır. Bəs dinimizdə bunlar necə qəbul edilir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ilahiyyatçı Fərid Abdulla deyib ki, Quranda bürclə bağlı  bir neçə ayə var: “Lakin bu ayələrdə bürcün nə mənada olması barədə fikir ayrılıqları var. Bunu qeyd etməliyəm ki, Quran astronomiya, fizika, ezoterika kitabı deyil. Quran öz möhtəvasının bir hissəsini misallar, qissələr, ibrətlər üzərində qurub və bu məlumatları o dövrün insanlarının dünyagörüşü, mədəniyyətinə uyğun təsvir edib. Bizim vəzifəmiz Quranda qara dəlik, planetlərin sayı və sair məsələləri axtarmaq deyil. Bəli, bu gün elmin təsdiq etdiyini Qurandan tapmaq olar. Quran oturub astrofizika, süd yolu, planetologiya, işıq surəti barəsində danışmaq məqsədini güdmür. Quranın toplum üçün müəyyən hədəfi çatdırmaq naminə ifadə tərzi var.

Sadəcə, nəticə ala bilərik ki, səmanın bürcləri ulduzlardır. Ulduzlar çıxıb batdığı üçün bürclər adlanıb. Göylər ulduzlar vasitəsilə bəzədilmiş görünür. Halbuki ulduzların planet olması, onun işığının nə vaxta bizə çatması hamıya məlumdur. Yerdə olan üçün ulduzlar ayrıdır. Kosmosda olan üçün ayrı. Deməli, bürc deyərkən böyük və parlaq ulduzlar nəzərdə tutulur. Aydın və aşkar olduğu üçün bürclər adlanıb.

“Səma bürcləri” deyilərkən Günəş və Ayın mövqeləri nəzərdə tutulur. Daha dəqiq desək, biz yer kürəsindən Aya və Günəşə baxdığımız zaman fəsillərdən və ilin ayrı-ayrı vaxtlarından asılı olaraq onların bürc formalarının yaratdığı şəkillərlə qarşı-qarşıya dayandığını görürük. Məsələn, Günəşin buğa, oğlaq, tərəzi və ya əqrəb bürcündə olduğunu deyirik. Təbii ki, bu bürclərin mövcudluğu, Ay və Günəşin mövqeləri, bu bürclərin hərəkat trayektoriyası dünyanın təqvim sistemini formalaşdırır.

Lakin Qurandakı bürcləri müasir terminologiyada işlənən 12 bürcə, astrologiyaya aid etmək ixtilaflı və mübahisəli məsələdir. Çünki bu rəy etibarsız və sadəcə, xəyali bir şeydir. Məsələn, göydə görünən ulduzların arasında olanları bir-biriləri  ilə birləşdirsək, qoç forması alınır. Əgər birləşdirməsək, sadəcə, orada qoç yoxdur. Hətta bugünkü bürclərin adlarının yunanların bütlərinin adlarından götürüldüyü də deyilib. Quran isə mövhumat əsasında söz deməkdən ucadır. Dedik ki, bürclər astronomik terminlərdə ilin müxtəlif fəsillərində Günəşin müxtəlif mövqelərini ifadə edir. Qədim yunanlar bu bürclərə öz mifoloji inanclarından və tanrılarına aid etdikləri adlarla adlandırmışdılar. İnsanlar bu adları yunanlardan öyrəndilər və mənşəyini unutdular".

İlahiyyatçı “Quranın bu xurafatları təsdiqlədiyini və onlar haqqında danışdığını söyləmək olarmı” sualına belə cavab verib: “Abbasilər dövründə yunan inancları ərəb dilinə tərcümə olunduqda, insanlar onlarla tanış oldular və bəziləri səhvən İslam təlimlərini bu inanclara uyğunlaşdırmağa çalışdılar. Qurandakı bürclərin yunan bürcləri ilə uyğunlaşdırılması belə hallardan biridir.

Bəzi insanlar bürclərin onların şəxsiyyəti, xarakteri və həyatı ilə uyğun gəldiyini hiss edir və buna inanırlar. Deməli, bu bürc o bürcdən fərqli oldu. Yəni hesabat aparılan bürc ayrıdır, insanın öz tale və şəxsiyyətini ona aid etməsi ayrı məsələdir. Bəli, ola bilər ki, məsələn, iyun ayında doğulan insanların müştərək təbiəti, temperamenti, bənzərliyi olsun. Lakin bunu elm ilə əsaslandırmaq, hələ üstəlik, Qurana aid etmək olmur. Çünki elmi əsasları yoxdur, bürclərin insanların həyatına və şəxsiyyətinə təsir etdiyinə dair elmi sübutlar yoxdur. Astronomlar və astrofiziklər bürclərin təsirini dəstəkləmirlər. Bürclərdən alınan proqnozlar çox vaxt dəqiq olmur və bir-birinə ziddiyyət təşkil edir. Bürclər haqqında məlumatlar çox vaxt etibarsız və şübhəli mənbələrdən gəlir. Nəticə olaraq, deyə bilərik ki, Qurandakı bürclər deyərkən, ulduz falından söz getmir. Gedə də bilməz. Ulduzlar, onların quruluşuna, günəşin hərəkət sisteminə aid edilə bilər, lakin insanların uydurduğu tale, fal, proqnoza heç aidiyyəti yoxdur. Bəli, müəyyən bürclər altında doğulmuş insanların müştərək xarakterə malik olmasına inanmaq hər kəsin özünə aiddir. Lakin belə bir şeyi Quran işığında təsdiq etmək mümkün deyil".

Xristian kimi paltarda dəfn edilən müsəlmanlar - dinimiz isə deyir ki... »  Cenub.az - Regional Qazet

Fərid Abdulla

Fərid Abdulla cadu ilə bağlı verilən suala da cavab verib: “Bu dəqiqə kiməsə desələr ki, işlərin alınmır, kimsə səni başa düşmür, səni gözə gətiriblər, işlərinin qarşısını alıblar və sair, dərhal təsirlənəcək. Bu həyat sınaqla doludur. Quran başdan-ayağa peyğəmbərlərin ağrılı-acılı həyatından danışır. Onları incidiblər, ələ salıblar, boykot ediblər, hətta öldürüblər. Allahın peyğəmbərlərindən gedir söhbət! İmam Hüseynin başına gələnlərə baxın. Ona cadumu olunmuşdu? İmam Hüseyn Yezid və başqaları üçün, başqaları da onun üçün sınaq və imtahan idi. Hədid, 23-də oxuyuruq: Bu, ona görədir ki (bunu ona görə belə izah edirik ki), itirdiyinizə kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz. Allah heç bir özünü öyən təkəbbürlünü sevmir. İşlərin əla gedir? Müvəqqətidir. İşlərin pis gedir? O da müvəqqətidir. Bu həyat enişli-yoxuşlu həyatdır. Caduya gəlincə, bu, xəstəlik kimidir. İmmuniteti (oxu: Allahla əlaqəsi) güclü olana heç nə təsir etməz. Zəif olana, hər şey təsir edər. Allahdan başqa güc, qüdrət sahibi yoxdur. Hətta peyğəmbərlər belə, xəstələniblər, işləri düz gəlməyib və sair. Axı aləmlərin Rəbbi, mütləq güc və qüdrət sahibi olan Allah var! Lakin insanlar bu acı reallığı yox, nə isə xüsusi qeybi, əfsanəvi, qeyri-adi şeyləri din ilə assosiasiya edirlər. Zənn edirlər ki, din mavəradır. Bəli, həm də mavəradır (pərdə arxasında olanlar). Lakin bu bizim öhdəliyimiz deyil. Bizim işimiz işin zahiridir, batini və hikmətinə əsla əlimiz çatmır. Zamanla cavabı tapa bilərik. Çox təəssüf ki, bu gün din adı altında cadu, Quran açdırmaq və bu qəbil şeylərə görə özlərinə biznes quranlar var. İnsanlar da bu kəslərə daha çox inanırlar”.

Избранный
53
3
olke.az

4Источники