Finlandiyanın “Naapuriseuran Sanomat” saytında Ermənistanın Azərbaycana qarşı mina terrorundan, Qarabağ münaqişəsinin tarixindən və torpaqlarımızın azadlığı uğrunda mübarizədən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlardan bəhs edən məqalə dərc olunub.
Məqalənin müəllifi Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin rəhbərinin sabiq müavini, politoloq Jaakko Laaksodur.
Məqalədə 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi, antiterror əməliyyatı ilə suverenliyimizin təmin olunması, həmçinin bu müddətdə Türkiyənin Azərbaycana böyük siyasi dəstəyi vurğulanıb.
Finlandiyalı siyasətçi Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların ermənilər tərəfindən öz yurd-yuvalarından zorla qovulması, didərgin salınması, qaçqın və məcburi köçkünə çevrilməsi məsələlərinə toxunub.
Azərbaycanın humanistlik göstərərək Qarabağda yaşayan ermənilərə hüquqlarının qorunması və tolerant cəmiyyətdə yaşamaları üçün yaratdığı şəraitə diqqət çəkib.
Jakko Laakso məqaləsində işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən, məcburi köçkünlərin öz evlərinə qayıtmasından da bəhs edib.
Məqalədə Azərbaycanın Cənubi Qafqazda sülhün, əmin-amanlığın, xalqlar arasında mehriban qonşuluq münasibətlərinin yaranmasına hər zaman sadiqlik nümayiş etdirdiyi göstərilib.
Ermənistanın işğal etdiyi ərazilərin minalardan təmizlənməsinin uzun illər çəkəcəyi, böyük maliyyə vəsaiti tələb olunduğu, mina xəritələrinin verilmədiyi haqqında geniş yazılıb.
Qeyd edək ki, Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin rəhbərinin sabiq müavini, politoloq Jakko Laakso “Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti”nin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə cari ilin 20-24 avqust tarixində Finlandiyalı nümayəndə heyətinin tərkibində ölkəmizə səfər edib. Səfər çərçivəsində bir çox qurumlarla görüşlər keçirilib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://naapuriseura.fi/vuoristo-karabahia-piinaa-miinaongelma/