İstanbul, 6 sentyabr, Günel Karatepe, AZƏRTAC
Ötən il Türkiyədə sənədli, bədii, qısametrajlı və cizgi filmlərinin istehsalı, eləcə də ssenari və dialoq yazılışı, yerli film nümayişi, ortaq istehsal kimi sahələrə ümumilikdə 145 milyon 474 min lirə dəstək verilib. Bu il isə ölkənin kino sənayesinə verdiyi dəstək təxminən iki dəfə artaraq 284 milyon 241 min lirəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, kino sektoru nümayəndələrindən ibarət Kino Dəstək Şurasının müəyyən etdiyi və Türkiyədə kinonun inkişafında mühüm rol oynayan bu dəstəklərdən 97 milyon 750 min lirəsi “Uzun metrajlı”, “birgə istehsal” və “çəkiliş sonrası” janrlarda 22 layihəyə ayrılıb. Onlardan 5-i ilk uzunmetrajlı bədii film istehsalı, 13-ü tammetrajlı film istehsalı, 3-ü birgə istehsal üçün nəzərdə tutulub.