Təhsilin İnkişafı Fondunun (Fond) İdarə Heyətinin sədri Elnur Nəsibov Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalovla görüşüb.
AzEdu.az xəbər verir ki, görüşdə Ü.Zeynalov təhsilin inkişafı istiqamətində Fondun məqsədyönlü fəaliyyətinin, həyata keçirdiyi proqramların verdiyi nəticələrin əhəmiyyətini vurğulayıb, dövlətin təhsilin inkişafına göstərdiyi xüsusi diqqəti qeyd edib. O, MDU-nun son illər ərzində böyük inkişaf yolu keçdiyini, regionda yüksək kadr hazırlığı sahəsində uğurlu nailiyyətlər əldə etdiyini bildirib və universitetin fəaliyyət istiqamətləri, yeniliklər və gələcək prioritetləri barədə məlumat verib.
Universitet rəhbərliyinə təşəkkürünü bildirən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ali təhsil müəssisələrində tədris məzmununun yenilənməsi, elmi-tədqiqat layihələrinin aparılması üçün həyata keçirilən qarşılıqlı əməkdaşlığın müsbət tərəflərindən bəhs edib. O, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsilin İnkişafı Fondunun fəaliyyətlərinin peşə təhsili istisna olmaqla, təhsilin bütün pillələrini əhatə etdiyini vurğulayıb.
Bildirib ki, gəncləri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etmək, tələbələrin elm sahəsində aparıcı mövqe tutmalarına təkan vermək üçün Fond tərəfindən ali təhsil ocaqlarına lazım olan bütün dəstək göstərilir. Eyni zamanda, E. Nəsibov “IELTS imtahanına təşviq” layihəsi və tələbələrə müxtəlif imtiyazlar verəcək “TələbəPlus” kartının imkanları haqqında geniş məlumat verib. Görüş zamanı hər iki qurum arasında əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb. Universitetin maddi-texniki bazasının, kadr hazırlığının inkişaf etdirilməsi, informasiya texnologiyaları ilə bağlı texniki dəstəyin göstərilməsi, yeni laboratoriyaların açılması və tələbə yataqxanasının tikilməsi kimi məsələlər qarşılıqlı müzakirə edilib.
Sonda Ü. Zeynalov Təhsilin İnkişafı Fondunun rəhbərliyinə səmimi görüş və gələcəkdə həyata keçiriləcək layihələrə göstəriləcək dəstəyə görə təşəkkürünü bildirib.