Gürcüstanın xaricdə konsulluq hesabında olan 67 minə yaxın vətəndaşı qarşıdan gələn seçkilərdə iştirak edə biləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, avqustun 29-na olan məlumata görə, konsulluq hesabında 66 997 yetkinlik yaşına çatmış vətəndaş olub ki, bu da iyul ayı ilə müqayisədə 4 512 nəfər çoxdur.
Məlumatda deyilir ki, onlar Gürcüstan Xarici İşlər Nazirliyinin saytında, eləcə də yaşadığı ölkənin səfirliyində və ya konsulluğunda qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib.