Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron baş nazir postuna Mişel Barnieri təyin edib. Hansı ki, bu şəxs 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib.
Həmin dövrdə M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə Ermənistandan keçməklə işğal altında olan Azərbaycan torpaqlarında erməni separatçılarının yerləşdiyi ərazilərdə olub.
Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin Azərbaycana qarşı bəyanatlarına da şərik çıxıb.
MÖVZU İLƏ BAĞLI:
Fransadan növbəti TƏXRİBAT – Makron hakimiyyəti qərəzli kampaniyasına DAVAM EDİR...
Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər.
M.Barnierin bundan əvvəlki mövqeyi və hərəkətlərini nəzərə alsaq, ehtimal etmək olar ki, Makron kimi anti-Azərbaycan mövqeli prezidentin baş naziri olandan sonra iki ölkə arasında münasibətlər indi olduğundan daha aşağı səviyyəyə düşəcək.
“Fransanın ikinci şəxsi Azərbaycanın qara siyahısındadır”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, Barnierin baş nazir təyin olunmasının özü münasibətlərin nə dərəcədə pisləşdiyinin göstəricisidir:
“Barnier texniki baş nazirdir. O mənada ki, Barnierin bu postda fəaliyyəti qısa müddətli olacaq. Lakin unutmamalıyıq ki, həmin bu Barnier 2021-ci ilin sonlarında Ermənistan ərazisindən keçməklə Qarabağa qeyri-qanuni səfər edib. Buna görə Azərbaycan Xarici İşlər Nazirliyi məntiqlə onu qara siyahıya salmalıdır. Belə olan halda Fransanın icraedici hakimiyyətində təmsil olunan ikinci şəxs Azərbaycanın qara siyahısında olan şəxs olacaq. Bunun özü artıq münasibətlərin hansı dərəcədə pisləşməsinin göstəricisidir”.
Rüfət Sultan, Bizim.Media