RU

“Bayer-04”ü Almaniyada məğlub edən tapıldı - TURUN ŞƏRHİ

Tur ötən həftənin cümə günü “Union”un “Sankt Pauli”ni minimal hesabla yenməsi ilə start götürdü. Debütant “Sankt Pauli” 2-ci turu da xalsız və qolsuz tamamladı.

Əsas qol silahı Girassini itirdikdən sonra “Ştutqart” ötən mövsümdəki obrazından çox uzaqdı. 2023/24-ü 2-ci pillədə tamamlayan şvabiyalılar bu tur iddiasız “Maynts-05” ilə ev oyununda 2 topluq üstünlüyü əldən verdilər və 2-ci həftəni də qələbəsiz tamamladılar. Almaniyanı avrokuboklarda təmsil edən iki komandanın duelində “Ayntraxt” “Hoffenhaym”a heç bir şans vermədi. Dortmund “Borussiya”sı Nuri Şahinin başçılığı altında ilk xallarını Bremendə itirdi. “Arılar” hətta 1 xala da şükür etdilər. Çünki komanda Şlotterbekin qırmızı vərəqə almasından sonra 73-cü dəqiqədən etibarən azlıqda qaldı. “Borussiya”nın çempionat çərçivəsində “Vezerştadion”da məğlubiyyətsiz seriyası 9 oyuna çatdı (6 qələbə, 3 heç-heçə). Maraqlıdı ki, bu komandalar arasında Bremendə keçirilən 56-cı bundesliqa oyununda ilk dəfə qolsuz bərabərlik qeydə alındı! Bu tur əsas diqqətlər Leverkuzenə yönəlmişdi. “Bayer-04” ötən mövsümə “Leyptsiq”ə qarşı ev oyunu ilə start vermişdisə, bu dəfə bu komandaların Leverkuzendə yolu 2-ci turda kəsişdi. Əslində son çempion üçün heç nə faciəvi sonluqdan xəbər vermirdi. Xabi Alonsonun komandası Frimponq və Qrimaldonun qolları ilə rahat şəkildə iki topluq üstünlük yaxaladı. Düzdü, qonaqlar hələ fasiləyə qədər qollardan birinin əvəzini çıxdılar. İkinci yarıda isə “Bayer-04”ün ötən mövsüm rəqiblərinin başına açdığı oyunu bu dəfə onların öz başına açdılar. 2023/24-də “Qarabağ”la oyunlar da daxil olmaqla bir sıra unudulmaz geridönüşlərə imza atan “aspirinlər” Opendanın ayağından iki top buraxaraq sensasiyalı şəkildə məğlub oldular. Bu nəticədən sonra məhz “Leyptsiq” hazırda bundesliqada ən yaxşı məğlubiyyətsiz seriyaya malik komandaya çevrildi. “Öküzlər” ötən mövsümü də nəzərə almaqla çempionatda 13 oyundu uduzmur.

“Bavariya” “Frayburq”la qarşılaşmada parlaq oyun sərgiləməsə də, hər hissədə bir qol vuraraq inamlı qələbə qazandı. Keyn penaltidən fərqlənməklə həm qələbənin əsasını qoydu, həm də bu mövsüm qol hesabını açdı. Yekun nəticəni isə 2-ci hissədə meydana çıxan Müller müəyyənləşdirdi. O həm “Bavariya”nın heyətində 710-cu rəsmi oyununu keçirməklə klub tarixində ən çox oyun keçirən futbolçuya çevrildi, həm də bundesliqada yubiley – 150-ci qolunu vurdu. Amma Münhen nəhəngi 2-ci turu da zirvədə tamamlaya bilmədi. Çünki “Auqsburq”u darmadağın edən “Haydenhaym” daha yaxşı top fərqinə malikdi.

2-ci tur
Bavariya – Frayburq 2:0
Keyn, 38-p. Müller, 78. (75000)
Bavariya: Noyer, Kimmix, Kim Min Çje, Upamekano (Qoretska, 90), Gerreyro, Pavloviç (Palyinya, 74), Olise (Müller, 59), Musiala (Laymer, 74), Qnabri, Tel (Koman, 59), Keyn.

Bayеr-04 – Lеyptsiq 2:3
Frimponq, 38. Qrimaldo, 45 – Kampl, 45+7. Openda, 57; 80. (29615)
Bayer-04: Kovarj, Frimponq (Tella, 77), Tapsoba (Artur, 86), Ta, İnkapye, Qrimaldo, Caka, Qarsiya, Terye (Adli, 71), Virts, Bonifeys (Şik, 77).
Leyptsiq: Qulaçi, Henrixs (Vermeeren, 89), Klostermann, Bitşiabu, Lukeba, Raum, Kampl (Baumqartner, 89), Aydara (Zayvald, 15), Simons, Şeşko (Nusa, 67), Openda (Poulsen, 89).

Verder – Borussiya D 0:0
(42100)
Borussiya: Kobel, Ryuyerson, Anton, Zyule (Bensebayni, 57), Şlotterbek, Qross, Əmrə Can, Zabitser, Brandt (Nmeça, 77), Bayno-Gittens (Adeyemi, 59), Bayer (Malen, 71).

Ştutqart – Maynts-05 3:3
Miyo, 8. Levelinq, 15. Rider, 88 – Əmiri, 43-p. Burkardt, 62. Laytş, 90+4. (59000)
Ştutqart: Nübel, Ştensel (Vaqnoman, 46), Çeys, Şabo, Mittelştadt (Hendriks, 89), Karazor, Ştiller, Levelinq (Ture, 74), Miyo, Fürix (Rider, 46), Dəniz Undav (Demiroviç, 46).

Ayntraxt F – Hoffеnhaym 3:1
Ekitike, 24. Larsson, 33. Marmuş, 56 – Kramariç, 54. (57100)
Ayntraxt: Trapp, Kristensen, Tuta (Kollins, 90+4), Kox, Teate, Nkunku (Knauff, 80), Larsson, Skiri, Götse (Can Uzun, 79), Marmuş (Çaibi, 79), Ekitike (Matanoviç, 65).
Hoffenhaym: Baumann, Kaderjabek, Dreksler (Hranats, 46), Stax, Akpoquma, Prass (Larsen, 73), Prömel (Tabakoviç, 85), Qayqer (Mixeler, 59), Bülter (Berişa, 46), Hlojek, Kramariç.

Union – Sankt Pauli 1:0
Hollerbax, 34. (22012)

Holştayn – Volfsburq 0:2
Arnold, 27. Bornau, 30. (15034)

Bohum – Borussiya M 0:2
Klayndinst, 67. Onora, 78. (26000)

Haydenhaym – Auqsburq 4:0
Vanner, 9-p. Skientsa, 30. Bek, 69. Bruniq, 73. (15000)

1. Haydenhaym 2 2 0 0 6-0 6
2. Bavariya 2 2 0 0 5-2 6
3. Leyptsiq 2 2 0 0 4-2 6
4. Borussiya D 2 1 1 0 2-0 4
5. Union 2 1 1 0 2-1 4
6. Borussiya M 2 1 0 1 4-3 3
7. Volfsburq 2 1 0 1 4-3 3
8. Bayer-04 2 1 0 1 5-5 3
9. Ayntraxt F 2 1 0 1 3-3 3
10. Frayburq 2 1 0 1 3-3 3
11. Hoffenhyaym 2 1 0 1 4-5 3
12. Maynts-05 2 0 2 0 4-4 2
13. Verder 2 0 2 0 2-2 2
14. Ştutqart 2 0 1 1 4-6 1
15. Auqsburq 2 0 1 1 2-6 1
16. Holştayn 2 0 0 2 2-5 0
17. Bohum 2 0 0 2 0-3 0
18. Sankt Pauli 2 0 0 2 0-3 0


Bombardir: Kramariç (Hoffenhaym) – 4.

Növbəti turun oyunları sentyabrın 13-15-i aralığında keçiriləcək: Borussiya D – Haydenhaym, Borussiya M – Ştutqart, Frayburq – Bohum, Hoffеnhaym – Bayеr-04, Holştayn – Bavariya, Leyptsiq – Union, Volfsburq – Ayntraxt F, Auqsburq – Sankt Pauli, Maynts-05 – Verder.

Turun rəqəmi
462 – “Bayer-04”ün Almaniya daxilindəki turnirlərdə məğlubiyyətsiz seriyası 462 gün davam etdi. Leverkuzen təmsilçisi buna qədər ölkə daxilində son məğlubiyyətini 2022/23-ün son turunda, yəni 2023-cü il mayın 27-də səfərdə “Bohum”la oyunda yaşamışdı (0:3). O vaxtdan bəri “Bayer-04” 35-i bundesliqa, 7-si ölkə kuboku və 1-i ölkə superkuboku çərçivəsində olmaqla keçirdiyi 43 oyundan 36 qələbə, 7 heç-heçə ilə ayrılmışdı. Bu müddət ərzində ölkə daxilində mümkün olan bütün titulları qazanan “Bayer-04”ün bu seriyası tarixin yaddaşına qovuşdu.

Turun ulduzu
Luis Openda (Leyptsiq) – son çempionun məğlubiyyətinin əsas səbəbkarı məhz belçikalı forvard oldu. İkinci hissədə dubl edən Openda komandasının mükəmməl geridönüşündə mühüm rol oynadı. Ötən mövsümün startından bəri bundesliqada onun hesabında artıq 26 qol var. Yeri gəlmişkən, 24 yaşlı futbolçu 2023/24-də də hər iki oyunda “Bayer-04”ün qapısına yol tapmağı bacarmışdı.

Turun sitatı
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Bizim üçün çox üzücü bir oyun oldu. Nəticə ilə barışmaq çətindi. Çünki məğlubiyyətə layiq deyildik. Amma sözsüz ki, bu oyundan lazımi dərslər çıxaracağıq. Hər şey bizim əlimizdə idi. Amma ikinci hissədə oyuna nəzarət edə bilmədik. Müdafiədə çoxlu boşluq buraxdıq. Arxa xətdə zəif təsir bağışladıq. 2:0 öndə ola-ola, qələbəni əldən vermək heç də yaxşı hal deyil. Amma hələ ki mövsümün əvvəlindəyik və növbəti oyunlarda belə səhvlərə yol verməməyə çalışacağıq”.
Избранный
88
football-plus.az

1Источники