“Qələbə üçün çatışmayan şey tələskənliyimiz, konsentrasiyanın aşağı olması və boşa verilən penaltidən sonrakı ruh düşkünlüyü oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında millimizin sabiq futbolçusu Ruslan Əmircanov deyib.
O, millimizin İsveçlə qarşılaşmada pis oynamadığını, lakin müdafiədəki boşluqlardan rəqibin istifadə etdiyini bildirib: “Oyun pis keçmədi. Sadəcə, müdafiədəki boşluqlar bu matçda da var idi. Yenə də rəqib bu vəziyyətdən istifadə etdi və qolunu vurdu. Ümumiyyətlə, müdafiə planında gərək diqqətli, nizam-intizamlı olasan. Çünki etdiyin xırda səhvdə qapında qol görürsən. Yeni baş məşqçi gəlib, hər kəsi tanıyır, məlumatı var. Kimi oyuna buraxırsa, millimiz üçün canını qoyub, dəridən-qabıqdan çıxmalıdır ki, məşqçinin etimadını doğrultsun. İlk hissədə çox qol epizodumuz oldu, həmin anlarda sanki konsantrasiyanı itirmişdik. Renat və Ramil qapının ağzından qapıya qol vura bilmirsə, bu, bəxtsizlikdir. Məğlubiyyətin əsas səbəbi konsantrasiyanın olmamağından irəli gəlir. Ramilin vurduğu penaltiyə mən özüm də təəccübləndim. Çünki təcrübəli futbolçudur və dəfələrlə penaltini dəqiq yerinə yetirib. Lakin bu, futboldur və bəzən alınmır. Ruhdan düşməyib, oyuna davam etmək lazım idi. Məncə, həmin penalti oyunun qırılma nöqtəsi oldu. Əgər qol olsaydı, üstünlüklə, rahat şəkildə soyunub-geyinmə otağına gedib, məşqçinin tapşırıqlarına qulaq asıb, 2-ci hissəyə hazırlaşacaqdılar. O epizoddan sonra Şeydayev daxil hər kəsdə ruh düşkünlüyü yaşandı. Buna baxmayaraq, yenə də qol imkanları oldu. Lakin ustalıq səviyyəsi öz sözünü dedi “.
Əmircanov millimizin son dəqiqələrdə qazandığı imkanlardan da danışıb: “Futbolçularımız əllərinə düşən fürsətləri dəyərləndirsəydi, hesab 3:3 olacaqdı. Bu məğlubiyyəti analiz edib, irəliyə baxmaq və növbəti oyunlara hazırlaşmaq lazımdır. Təcrübəli məşqçimiz var. Hər şeyi analiz edib futbolçularına başa salacaq. Ümid edirik ki, gələcəkdə belə oyun göstərərək, qələbələr qazanarıq. Komandamız məğlub olsa belə, hər birinin yanında olub, dəstəkləməliyik”.
GÜNAY SÜLEYMANOVA