Yaxın günlərdə Vətən müharibəsinin başlanmasının 4-cü ili tamam olacaq. 2020-ci ilin sentyabr ayının 27-də başlayan savaş cəmi 44 gün çəkmişdi. Müharbə nəticəsində Ordumuz torpaqlarımızı 30 illik işğaldan azad etmişdi.
Hərbi ekspert Şair Ramaldanov Modern.az-a bildirib ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçidinin yekun mərhələsindəyik:
“Müharibənin nəticələri, təhlilləri həmişə hər bir Ordunun təkmilləşdirilməsinə töhfə verir. Azərbaycan Ordusu 21-ci əsrin tələblərinə uyğun müharibə aparıb. Əlbəttə, buna görə də Ordumuzun müasir tələblərə cavab verməsi üçün daha da təkmilləşməsinə ehtiyac duyulub. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev qələbədən sonra Ordunun NATO, daha doğrusu, Türkiyə modelinə keçməsi üçün ciddi tapşırıqlar verib. Hazırda mən deyərdim ki, cənab Prezidentin qoyduğu tapşırığın yekun mərhələsindəyik. Orduda böyük işlər aparılıb. Həm silahlanmada, həm ştat strukturunda, həm yeni komando hərbi hissələrinin yaradılmasında, xüsusi təyinatlı hərbi hissələrin sayının artırılmasında bunu görə bilərik. Müharibə təcrübəsindən irəli gələrək döyüş hazırlığı da zənginləşdirildi. İkinci Qarabağ müharibəsində döyüşlər dağlıq, meşəlik ərazilərdə keçirilib. Həmin şəraitdə döyüşlərin aparılmasına yanaşmalar da təkmilləşdirildi. Xüsusi təyinatlı tədris müəssisələrinin proqramlarda dəyişikliklər aparıldı. Ümumiyyətlə, müharibəyə qədər də Azərbaycan Ordusunun nümayəndələri NATO, post-sovet ölkələrindəki çox saylı tədbirlərə dəvət olunaraq orada qazanılan təcrübəni ölkəmizə gətirib. Azərbaycanda Ordu quruculuğunda bu təcrübələr, prinsiplər nəzərə alınaraq tətbiq olunub. İndi Azərbaycan Ordusunun istiqaməti tam şəkildə müəyyənləşdirilib. Artıq Türkiyə kimi güclü dövlətin ordusu ilə ildə 20-yə yaxın hərbi təlim keçirilib. Ordumuz təlimlərdə hədəfə, qarşıya qoyulan məqsədlərə nail olmağa qadirdir. Azərbaycan Ordusunun inkişafı ilə paralel, müdafiə sənayesi də inkişaf edir. Bu inkişafda da Türkiyənin hərbi sənaye kompleksi ilə sıx əlaqələr önəm daşıyır".
Ş.Ramaldanov Azərbaycan Ordusunun beynəlxalq tədbirlərdə sayılıb-seçildiyini söyləyib:
"Azərbaycan Ordusunun bütün şəxsi heyəti Ali Baş Komandanın hər hansı əmrini yerinə yetirməyə qadirdir. Ali Baş Komandan, Prezident İlham Əliyev də Ordunun inkişafına çox böyük diqqət yetirir. Azərbaycan Ordusu bu gün ən güclü ordular sırasında 56-cı yerdədir. Azərbaycan Ordusu Vətən müharibəsi aparsa da, separatçıları öölkədən qovsa da, qısa zaman kəsiyində tam formada bərpa olundu. Artıq Azərbaycan Ordusu 56-cı yerdə özünəməxsus yer tutur. Bədnam qonşumuz Ermənistan isə haradasa 100-cü yerə yaxındır. Azərbaycan Ordusunun inkişafı üçün dövlətin büdcəsindən kifayət qədər vəsait ayrılır. Cənab İlham Əliyev demişdi ki, ordu nə lazımdırsa, dövlətdən alacaq. Bu prinsiplə inkişaf edən ordu, təbii ki, yüksək nəticələri əldə edəcək. Azərbaycan Ordusu bu gün bütün beynəlxalq təşkilatlarda iştirak edir. Bizim hərbçilərimiz tədbirlərdə sayılan-seçilən nümayəndələr kimi iştirak ediblər. İstər Rusiyada keçirilən hərbi oyunlarda, istər Türkiyədə keçirilən yarışlarda, istərsə də Orta Asiyanın iştirakı ilə olan tədbirlərdə Azərbaycan hərbçiləri həmişə hörmətlə qarşılanır və yüksək nailiyyətlərlə orada öz peşəkarlığını təsdiqləyirlər. Bu gün də Azərbaycan Ordusu güclü olmasına baxmayaraq, dövlətimizin işğal niyyəti yoxdur. Azərbaycan Ordusu öz ərazi bütövlüyünü qorumaqla məşğuldur. Ordumuz regionda davamlı sülhə xidmət etməkdədir.
Bu gün Azərbaycan Ordusu gələrək gələcək təhlükələri, təxribatları nəzərə alaraq lazımi tədbirlər görməkdədir".