Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası təsdiq edilib.
Heftelik.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Qaydaya əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 (beş) təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək. Güzəştli ipoteka kreditinin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin bir hissəsi (ilkin ödəniş) və aylıq annuitet ödənişlərinin (annuitet ödənişləri) bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 (on beş) il olan güzəştli ipoteka kreditləri üzrə göstəriləcək.
Güzəştli ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaqla, güzəştli ipoteka kreditindən istifadə etməklə satın alınan yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə qiymətinin 15 faizi məbləğində veriləcək. Annuitet ödənişləri üzrə verilən maliyyə dəstəyi annuitet ödənişlərinin 50 faizi həcmində müəyyən ediləcək. Güzəştli ipoteka krediti üzrə əsas borc məbləğinin bir hissəsi kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən əvvəl qaytarılarsa və ya borc restrukturizasiya edilərsə, annuitet ödənişləri üzrə maliyyə dəstəyi yenidən hesablanmış annuitet ödənişinin 50 faizi həcmində müəyyən ediləcək.
2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldıqdan sonra məzun olan Azərbaycan Ordusunun hərbi qulluqçuları həqiqi hərbi xidmət müddətinin 5 (beş) təqvim ilini tamamlamadan güzəştli ipoteka krediti hüququndan istifadə etdikləri təqdirdə, onlar aşağıdakı şərtlərlə Müdafiə Nazirliyinə yazılı formada ərizə ilə müraciət edərək sonradan maliyyə dəstəyi ala bilərlər:
– həqiqi hərbi xidmət müddətinin 5 (beş) təqvim ilini tamamladıqda;
– güzəştli ipoteka krediti bu Qaydanın tələblərinə uyğun olduqda.
Sonradan maliyyələşməyə aşağıdakılar aiddir:
– alınan yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə qiymətinin 15 faizi həcmində yaşayış sahəsinin satın alındığı tarixə müəyyən edilmiş ilkin ödənişin hərbi qulluqçuya birdəfəlik ödənilməsi;
– maliyyə dəstəyi göstərilməsinin təsdiq edildiyi tarixədək hərbi qulluqçu tərəfindən ödənilmiş annuitet ödənişlərinin 50 faizi həcmində hərbi qulluqçuya birdəfəlik ödənilməsi;
– maliyyə dəstəyi göstərilməsinin təsdiq edildiyi tarixdən sonra annuitet ödənişlərinin 50 faizi həcmində aylıq olaraq ödənilməsi.