Azərbaycan güləşçisi Xetaq Karsanov İspaniyada keçirilən güləş üzrə U-20 dünya çempionatında ikinci yeri tutub.
Arena.az xəbər verir ki, Pontevedra şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatı sona yaxınlaşır.
Bu gün sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.
Ayxan Abdullazadə (65 kq) türkiyəli Avropa çempionu Abdullah Toprakla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdə minimal fərqlə məğlub olub – 5:6.
Xetaq Karsanov (97 kq) isə finalda Rizabek Aitmuxanla qarşılaşıb. Təmsilçimiz ötən il böyüklər arasında dünya çempionu olmuş Qazaxıstan güləşçisiylə bacarmayıb (0:10). Nəticədə Karsanov dünya çempionatında gümüş medalı boynundan asıb.
Xatırladaq ki, Azərbaycan yığması mundialda daha öncə 1 gümüş, 2 bürünc medal qazanmışdı. Bundan əvvəl yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə etmişdi. Qadın güləşində isə Nərgiz Səmədova (55 kq) yarışı üçüncü tamamlayıb.
Sentyabrın 2-də başlamış dünya çempionatına sabah yekun vurulacaq.