UEFA Millətlər Liqası çərçivəsində İrlandiya yığması ilə səfər oyunu İngiltərə yığmasının baş məşqçisi əvəzi Li Karsli üçün əlamətdar olub.
Arena.az xatırladır ki, yarışın B Liqasının 2-ci qrupunun 1-ci turu çərçivəsində baş tutan bu oyunda irland mütəxəssisin çalışdırdığı “üç şir” səfərdə “yaşıl ordu” üzərində 2:0 hesablı qələbə qazanıb.
Bu qələbə sayəsində Li Karsli son 50 ildə İngiltərə yığması ilə debüt oyununda qalib gəlmiş ilk baş məşqçi əvəzi mütəxəssis olub.
Karsliyə qədər “üç şir”in sükanı arxasında müvafiq nailiyyət 1974-cü ildə ingilis mütəxəssis Co Merserə müyəssər olub.
1-ci turdan sonra İngiltərə yığması B Liqasının 2-ci qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. 3 xalı olan və daha yaxşı top fərqinə malik Yunanıstan yığması “üç şiri” qrup lideri olaraq qabaqlayır. Xalsız İrlandiya və Finlandiya yığmaları müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.
Xatırladaq ki, UEFA Millətlər Liqasının cari çempionu İspaniya yığmasıdır.