İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı sona çatıb.
QOL.az xəbər verir ki, mundialın son günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.
Ağanəzər Novruzov (74 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Tamir Eşinimayevlə qarşılaşıb. Görüşün sonlarında aldığı xallarla rəqibini 4:1 hesabıyla məğlub edən həmyerlimiz dünya üçüncüsü olub.
Anar Cəfərli (92 kq) təsəlliverici görüşdə hindistanlı Amit Sinqə “tuş”la qalib gəlib. Həlledici qarşılaşmada amerikalı Konnor Mirasolayla üz-üzə gələn milli üzvü rəqibini 6:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.
Beləliklə, sərbəst güləş millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub. Yekunda 72 xal toplayan yığmamız dünyanın ən güclü 5-ci komandası olub.
Xatırladaq ki, ötən gün Xetaq Karsanov (97 kq) gümüş medala sahib çıxıb.