Ötən gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində evə basqın edən şəxsin zərərsizləşdirilməsi ilə nəticələnən hadisənin bəzi detalları üzə çıxıb.
“Qafqazinfo” qonşulardan birinin hadisə yerindən telefonla çəkdiyi videonu əldə edib. Videodan görünür ki, çağırış üzrə əraziyə gələn polis əməkdaşları dəfələrlə şübhəli şəxsə xəbərdarlıq edir və yerə uzanmasını tələb edirlər. Lakin həmin şəxs atəş açaraq müqavimət göstərir. Bunu görən polis əməkdaşları əks-atəş açaraq cinayətkarı zərərsizləşdirir.
Xatırladaq ki, hadisə saat 21 radələrində Abay Kunanbayev küçəsində baş verib. İlkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar. Silahlı şəxs ev sahibinin başına silah dayayaraq 30 milyon dollar tələb edib.
Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal təhlükəsizlik əməkdaşları cəlb olunub.
Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib. Hadisə yerindən cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.